Tarixi Zəfərin diplomatiya masasındakı davamı


Fazil MUSTAFA,
Millət vəkili, Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər təkcə hərbi cəbhədə üstünlüyümüzü təsdiqləmədi; bu Zəfər eyni zamanda regionun siyasi və diplomatik reallıqlarını kökündən dəyişdirdi. Ermənistanın illərlə arxalandığı “toxunulmazlıq qalxanı” sındı, Azərbaycanın haqq səsi beynəlxalq tribunalarda daha güclü eşidilməyə başladı.

İndi ABŞ-da baş tutması gözlənilən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan görüşü də məhz bu yeni reallığın davamıdır. Əgər illər öncə bu formatda görüşlərdə Azərbaycanın mövqeləri bərabər tərəf kimi deyil, “problemin tərəfi” kimi təqdim olunurdusa, indi durum tamamilə fərqlidir. İndi biz qalib, haqlı və şərtləri diqtə edən tərəfik.

İlham Əliyev siyasətinin uğuru ondan ibarətdir ki, hərbi Zəfəri siyasi və diplomatik platformalarda ardıcıl şəkildə möhkəmləndirir. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçiriləcək görüşün özü belə Azərbaycanın beynəlxalq çəkisinin artmasının göstəricisidir. Bu təkcə iki ölkə rəhbərinin danışıqları deyil, həm də Güney Qafqazda yeni status-kvonun ABŞ, ümumən Qərb tərəfindən rəsmən qəbulunun ifadəsidir.

Görüş öncəsi Prezident İlham Əliyevin ABŞ rəsmiləri ilə apardığı ikitərəfli müzakirələr, imzalanan sənədlər, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq ismarıcları, əslində Vaşinqtonun da regionda yeni güc balansını dərk etdiyini göstərir.

Yerli və beynəlxalq mediada səslənən əsas mövzulardan biri 907-ci düzəlişin fəaliyyətinin tam dayandırılması məsələsidir. Bu düzəliş illərlə ABŞ-Azərbaycan münasibətlərində süni maneə kimi saxlanıldı. İndi isə həm Vaşinqtonun, həm də beynəlxalq təşkilatların regionun yeni siyasi gerçəkliklərini qəbul etməsi fonunda, bu maneənin aradan qaldırılması real siyasi addıma çevrilə bilər.

Azərbaycan qalib tərəf kimi Sülh müqaviləsinin imzalanmasını, regionda bütün kommunikasiya xətlərinin açılmasını dəstəkləyir. Çünki sülh bizim üçün güzəşt yox, üstünlüyümüzün diplomatik təsdiqidir. Paşinyan hakimiyyəti də başa düşür ki, müharibədə itirdiklərini diplomatiya masasında geri qaytara bilməz. Ona görə də Ermənistan üçün ən rasional yol — Azərbaycanın irəli sürdüyü əsas prinsipləri qəbul etməkdir.

Prezident İlham Əliyevin Vaşinqtondakı hər siyasi-diplomatik addımı bir həqiqəti təsdiqləyir: Azərbaycanın müstəqil siyasəti, milli maraqlara əsaslanan diplomatik xətti, həm hərbi güc, həm də siyasi iradə ilə qorunur. Bu siyasət nəticəsində biz təkcə ərazilərimizi azad etmədik, həm də gələcək onilliklərdə bölgədə sülhün və inkişafın təminatçısına çevrildik.

Tarixi Zəfərin yaratdığı üstün mövqe indi ABŞ-da, sabah Avropada, sonra isə dünyanın bütün siyasi mərkəzlərində Azərbaycanın sözünü daha gur səsləndirəcək.

Bu görüşdən gözləntilər böyükdür, amma unutmayaq ki, gözləntiləri reallığa çevirən tək amil — dövlətin iradəsi və dövlət başçısının siyasi uzaqgörənliyidir. Bu isə Azərbaycanın hazırkı diplomatiyasında ən güclü tərəfimizdir.


MANŞET XƏBƏRLƏRİ