Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada keçirilən “Türk dünyası Lefkoşa şeir axşamları” adlı beynəlxalq ədəbi festival, ədəbiyyat və poeziya dünyasında əlamətdar hadisə kimi yadda qalıb.
Turkustan.az xəbər verir ki, ŞKTC-nin Cumhurbaşqanlığı sarayında təşkil olunan mötəbər tədbir ədəbiyyata və mədəniyyətə verilən yüksək dəyərinin bariz nümunəsini göstərib.
Türk dünyasının müxtəlif ölkələrindən festivala qatılan tanınmış şair və yazarlar ortaq dilin, tarixin, mədəniyyətin poeziya vasitəsilə bir daha tanınmasına, sevilməsinə töhfə veriblər.
Səsləndirilən şeirlər, müzakirə olunan mövzular, ədəbiyyatla bağlı düşüncələr dörd gün davam edən festivalda türk xalqları arasında mədəni körpülərin daha da möhkəmlənməsinə xidmət edib.
Azərbaycan, Türkiyə, Özbəkistan Yazıçılar birliklərinin fəxri üzvü, vətənpərvər şairə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru Xuraman Muradova bu möhtəşəm platformada böyük qürurla ölkəmizi təmsil edib. Çıxışında “Bir millət, üç dövlət” məfkurəsinə toxunan Xuraman Muradovanın festival çərçivəsində söylədiyi şeirlərdə də Türk dünyasının mənəvi birlik ruhu öz bədii əksini tapıb.
Festivalın yaddaqalan məqamlarından biri tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın iştirakı olub. Ersin Tatar tədbirdə şairləri səmimiyyətlə salamlayıb, festival çıxışları dinlənildikdən sonra seçilən ədəbiyyat nümayəndələrinə dövlət mükafatları təqdim edib. Ersin Tatarın bu jesti ədəbiyyata və sənətə verilən ali dəyərin rəmzi kimi rəğbətlə qarşılanıb.
Vurğulanıb ki, bu cür beynəlxalq tədbirlər Türk dünyasının mənəvi birliyinin güclənməsi, ortaq mədəni sərvətlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Söz və sənətin qovuşuğunda belə ədəbi festivallar – coğrafi hüdudlara sığmayan, sərhədləri aşan birliyin və qardaşlığın təntənəsidir.