Vaxt bitir, təzyiq artır: Moskvaya verilən "SON ŞANS": Rusiyaya hücum ediləcək? - ŞƏRH


ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna münaqişəsinə dair artan gərginlik fonunda iki nüvə sualtı qayığının "uyğun ərazilərə" yerləşdirilməsi əmrini verib. Tramp eyni zamanda Moskvanın razılığa gəlməsi üçün daha əvvəl verdiyi 50 günlük müddəti 10 günə endirib.

Vaxt getdikcə daralarkən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkofun 6 avqustda Moskvaya səfəri planlaşdırılır. Bu səfər mümkün diplomatik irəliləyiş üçün son cəhd kimi qiymətləndirilir.

Maraqlıdır, görəsən bu silahların yerləşdirilməsi Trampın Rusiyaya verdiyi bir gözdağımıdır? 10 günlük müddət başa çatsa, Tramp həqiqətən də Rusiyaya qarşı hərbi əmri verə bilərmi? Turkustan.az olaraq bu sualları politoloq Tural İsmayılova ünvanladıq.

Tural İsmayılov:

Tural İsmayılov

Rusiyanın nüvə silahlarına yönəlik ritorikası son illərdə daha da aqressiv xarakter alıb. Trampın açıqlamasına səbəb olan əsas faktor da məhz Rusiyanın öz sərhədləri yaxınlığında gərginliyi artıran davranışlarıdır. Ukraynaya qarşı təcavüzkar siyasət, Baltikyanı ölkələrə təhdid dolu mesajlar və Kalininqrad bölgəsində yerləşdirilən raket sistemləri Qərbi hərəkətə keçməyə məcbur edib.

Rusiya sülh və sabitlik anlayışını artıq real güc nümayişi ilə əvəzləyib. Öz sərhədlərindən kənarda hərbi təsir dairəsini genişləndirməyə çalışmaq həm qonşu ölkələrə, həm də qlobal təhlükəsizliyə təhlükə yaradır. Nüvə silahı ilə oynamaq yalnız Rusiyanın özünü deyil, bütün dünyanı riskə atır.

Rusiyanın siyasi təcridə uğraması və daxili legitimlik axtarışı xarici düşmən obrazı yaratmaqla baş verir. Bu isə daha çox təhrikedici addımlar, o cümlədən NATO ilə təmas xəttində hərbi təxribat ehtimalını artırır. Rusiyanın mövcud davranışı nüvə silahını "psixoloji təsir aləti"nə çevirib, halbuki bu silahlar "son çarə" kimi nəzərdə tutulub. Dünya 20-ci əsrdəki nüvə dəhşətlərindən dərs çıxarmışkən, Rusiya bu təcrübəni ya unudub, ya da bilərəkdən görməzliyə vurur.

Əgər Moskva bu kursu dəyişməsə, yalnız qarşıdurmanı dərinləşdirəcək və özünün də regional təcridini daha da sərtləşdirəcək. Nüvə silahı ilə qorxutmaq 21-ci əsrdə siyasət deyil, siyasi iflasa doğru sürüşməkdir. Amma Tramp da indi kifayət qədər ciddi durur.

Hazırkı vəziyyətdə ABŞ-ın Rusiyaya hücum əmri real ehtimaldan çox, siyasi təzyiq və diplomatik təhdid aləti kimi qiymətləndirilir. Trampın nüvə sualtı qayıqlarını önə çəkməsi və müddəti 10 günə endirməsi Moskva üzərində psixoloji və strateji basqı yaratmaq məqsədi daşıyır.

Bununla belə, birbaşa hərbi əmrin verilməsi böyük risk daşıyır və yalnız prezident qərarı ilə reallaşa bilməz, bu cür genişmiqyaslı addım üçün Konqresin təsdiqi və beynəlxalq dəstək tələb olunur. Üstəlik, belə bir əmrin gerçəkləşməsi regional deyil, qlobal müharibə təhlükəsi yarada bilər. Bu səbəbdən, ehtimal az olsa da, gərginliyin artması istisna edilmir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ