Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət təklifini qəbul etməsi və bu barədə gizli memorandum imzalaması barədə yayılan iddialar diqqət mərkəzinə çevrilib. İspaniyanın “Periodista Digital” nəşri yazır ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yol məhz Sünikdən keçəcək və bu marşrut “Tramp körpüsü” adlandırılacaq. Maraqlıdır ki, bu məlumat fonunda “Google Maps” xəritəsində dəhlizə uyğun marşrut – Mehri üzərindən keçən yol açıq şəkildə göstərilib. Qeyd edək ki, “Google Maps” ABŞ-a məxsus platformadır.
Bütün bunlar təsadüf ola bilərmi, yoxsa Zəngəzur dəhlizi ilə bağlı razılaşma artıq qüvvəyə minib?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ABŞ-la razılaşıb və rəsmi Vaşinqton bu dəhlizə nəzarət edəcək:
Məhəmməd Əsədullazadə
“Google Maps”ın Zəngəzur dəhlizinin açılmasını göstərən xəritəni təqdim etməsi yüksək səviyyəli razılığın olduğunu göstərir. Lakin Ermənistanda keçiriləcək seçkilərə qədər dəhlizin açılması gözlənilmir. Gələn il seçkilər baş tutarsa, Nikol Paşinyan qalib gələrsə, Zəngəzur dəhlizi açılacaq və ABŞ-a icarəyə veriləcək. Bununla Paşinyan özünün Vaşinqtonun siyasi və iqtisadi dəstəyi ilə təmin olunacağını da qəbul edir.”.
Siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hazırda tətbiqlərin əksəriyyəti süni intellektə əsaslanır:
Əziz Əlibəyli
“Bu, xüsusilə ABŞ üçün vacibdir, çünki həmin texnologiyanın inkişafı və istifadəsində onların maraqları var. Bu yanaşma tamamilə normaldır və ABŞ-a məxsus şirkətin belə bir addım atması qeyri-adi deyil. İkinci bir məqam süni intellektin dərhal dəyərləndirmə aparmasıdır. Bunun nəticəsində dəhlizin açılması ehtimalının intensiv müzakirə olunduğu bəlli olur və 50+1 yanaşması tətbiq edilir. Nəzərə alınır ki, əgər bunu ABŞ və qərar vericilər dilə gətiribsə, siyasi ədəbiyyata daxil olubsa, ehtimal dərhal artır. “Google Maps” burada təsadüfi və ya texniki dəyişikliklər də edə bilər. Amma məsələ Zəngəzur dəhlizidirsə, bu, yaxşı mənada şübhələnmək üçün əsas verir. Bunu ilkin xəbər kimi qəbul etmək olar”.
“Google Maps”-ın yaydığı foto