Şirvan şəhərində yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb.
Turkustan.az-ın məlumatına görə, məsələ ilə əlaqədar ötən gün Şirvan bələdiyyəsinin inzibati binasında müzakirə təşkil edilib. Müzakirə Şirvan şəhər ağsaqqallarının təşəbbüsü ilə baş tutub.
Tədbirdə çıxış edən ağsaqqallar və din xadimləri qeyd etdilər ki, yas mərasimlərinin əsas məqsədi mərhumun ruhuna ehtiram göstərmək, ailəyə mənəvi dəstək olmaqdır. Bu isə süfrə açmaqla deyil, dua oxunması, Qurani-Kərim tilavəti və anım xarakterli sadə mərasimlərlə həyata keçirilməlidir.
Onların sözlərinə görə, yalnız yemək verilməsi ənənəsi dini baxımdan vacib hesab olunmur və əksər hallarda ailələr üçün artıq xərc və sosial təzyiqə səbəb olur.
Çıxışlar zamanı xüsusilə vurğulanıb ki, təşəbbüs yalnız ehsan süfrələrində yemək verilməsinin dayandırılmasını nəzərdə tutur. Digər dini ayinlər – yasin oxunması, duaların edilməsi və anım mərasimləri əvvəlki qaydada davam etdirilə bilər və bu adətlər cəmiyyətin mənəvi dəyərlərinin bir hissəsi olaraq yaşadılmalıdır.
Ağsaqqalların və din xadimlərinin yekdil fikrinə əsasən, bu qərarın əsas məqsədi yas məclislərində israfçılığın qarşısının alınması, ailələrin üzərinə düşən əlavə maliyyə yükünün aradan qaldırılması və dini-mənəvi dəyərlərin qorunub saxlanılmasıdır.
Görüşün sonunda qərara alındı ki, Şirvan şəhərində yas mərasimlərində yalnız yemək verilməsi ənənəsinə son qoyulsun, bununla bağlı şəhər əhalisi arasında maarifləndirmə işləri caparılsın və ictimaiyyətin dəstəyi ilə bu təşəbbüs mərhələli şəkildə həyata keçirilsin.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanda bəzi rayon və kəndlərdə yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Şəmkir rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırıldığı deyilir.