Ağdərədə avtomobil yolları yenidən qurulur - FOTOLAR


İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpası və vətəndaşların öz doğma torpaqlarına qayıdışının sürətləndirilməsi məqsədilə Ağdərə rayonunun Ortakənd–Dəmirlər və Həsənriz kənd avtomobil yollarında yenidənqurma işləri aparılır.

Turkustan.az xəbər verir ki, Layihə çərçivəsində uzunluğu 8,2 km olan Həsənriz avtomobil yolu üzrə köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri qazılaraq çıxarılıb və bərpa olunub, əks-dolğu işləri icra edilib. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli suötürücü borular quraşdırılıb.

Hazırda Həsənriz kəndinə gedən və 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulan yolda asfalt-beton örtüyünün alt layının döşənməsi işləri davam etdirilir. Eyni zamanda, zəruri hissələrdə düzbucaqlı su keçidlərinin tikintisi və təmiri, həmçinin beton küvetlərin inşası da nəzərdə tutulub.

Uzunluğu 6,9 km olan Ortakənd–Dəmirlər avtomobil yolu üzrə də köhnə asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri çıxarılıb və əks-dolğu işləri yekunlaşdırılıb. Hazırda yolda su ötürmə qabiliyyətini artırmaq üçün müxtəlif diametrli suötürücü boruların tikintisi, 400 metr uzunluğunda istinad divarının inşası həyata keçirilir. Bundan əlavə, yolun üç hissəsində körpü tipli su keçidlərinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlərə artıq başlanılıb.

/cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ