Prezident İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumunda Zəngəzur dəhlizi ilə bağlı sözləri diqqət çəkib. Dövlət başçısı bildirib ki, Azərbaycanın İran və Ermənistanla sərhədin qovşağına qədər olan dəmir yolu tikintisi artıq başa çatmaq üzrədir və bir ildən az müddətdə tam hazır olacaq. Bu çıxış ABŞ-ın dəhlizlə bağlı son təklifi, Ermənistanın reaksiyası, son günlər bu istiqamətdə Tehrandan İrəvana artan zənglər fonunda maraq doğurub. Bildirilir ki, artıq rəsmi Bakı Zəngəzur dəhlizinin açılışına hazırlaşır.
Proses necə irəliləyəcək? Zəngəzur dəhlizi tam olaraq nə zaman açıla bilər? Prezidentin bu fikirləri necə dəyərləndirilməlidir?
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Prezidentin verdiyi bəyanat Zəngəzur dəhlizi ilə bağlı Bakının mövqeyini bir daha aydın şəkildə ortaya qoyub:
“Dövlət başçısının açıqlaması prosesin artıq yekun mərhələyə qədəm qoyduğunu göstərir. Bu, həm regional siyasi proseslərin gedişinə, həm də beynəlxalq güclərin maraqlarına cavab olaraq qiymətləndirilə bilər. Zəngəzur dəhlizi ideyası yalnız Azərbaycan-Ermənistan münasibətlərinin bir hissəsi deyil, eyni zamanda regional nəqliyyat arxitekturasının yenidən qurulması və geosiyasi maraqların kəsişmə nöqtəsinə çevrilmiş strateji layihədir. Prezidentin çıxışının fonunda ABŞ-ın bu yaxınlarda təqdim etdiyi dəhlizlə bağlı təklif, Ermənistanın ehtiyatlı və zaman qazandırıcı mövqeyi, eləcə də Tehrandan İrəvana son günlərdə yumşaq da olsa, özünü büruzə verən diplomatik təzyiqlər məsələnin ciddiliyini və çevik həllinin zəruriliyini artırır. Azərbaycan artıq uzun müddətdir ki, Zəngəzur dəhlizinin texniki və siyasi əsaslarını formalaşdırmaqla məşğuldur. Naxçıvanla quru əlaqəsinin bərpası, regionun iqtisadi inteqrasiyası, Orta Dəhlizlə bağlantının gücləndirilməsi və nəhayət, tranzit potensialının artırılması bu layihənin əsas hədəfləridir”.
Elçin Mirzəbəyli
Deputat qeyd edib ki, hazırda Bakıdan Arazboyu inşa edilən dəmir yolunun İranla sərhədə qədər tikintisi bitmək üzrədir:
Həmçinin oxuyun:
Ermənistanın tranzit ölkəyə çevrilməsi şansı sıfıra düşür – İlham Əliyev
“Bu isə o deməkdir ki, Azərbaycan tərəfi texniki baxımdan tam hazırdır və siyasi iradənin güclü olduğu şəraitdə dəhlizin açılması yaxın bir zamanın məsələsi ola bilər. Prezidentin vurğuladığı “bir ildən az müddətdə hazır olacaq” ifadəsi, Bakının bu məsələdə konkret qrafik üzrə irəlilədiyini göstərir. Bu isə Ermənistanın tərəddüdünü, həmçinin bəzi maraqlı tərəflərin təzyiqlərini daha da gücləndirə bilər. Məlum olduğu kimi, İran öz ərazisi üzərindən alternativ marşrutun reallaşmasına üstünlük verir. İrəvana edilən telefon zəngləri və intensivləşən diplomatik təmaslar Tehranın bu layihədən tam kənarda qalmaq istəmədiyini ortaya qoyur.
Eyni zamanda ABŞ-ın dəhlizlə bağlı son təkliflərinin gündəmə gəlməsi Vaşinqtonun Cənubi Qafqazda nüfuzunu artırmaq cəhdlərinin bir parçası kimi dəyərləndirilə bilər. Lakin Vaşinqtonun təklifləri, Zəngəzur dəhlizi ideyasının ilkin mahiyyətindən, yəni Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında birbaşa və nəzarətsiz dəhlizin təmin edilməsi şərtindən uzaqdır. Bu isə onu göstərir ki, Bakı öz strateji baxışından geri çəkilməyəcək və yalnız ölkənin suveren maraqlarına uyğun mexanizm əsasında razılaşmanı qəbul edəcək”.
Millət vəkili vurğulayıb ki, Ermənistan hələ də müxtəlif bəhanələrlə zaman qazanmağa və daxili siyasi auditoriyanı sakit saxlamağa çalışır:
“Reallıq ondan ibarətdir ki, İrəvanın bölgədə təcrid vəziyyətindən çıxması və regionun inkişaf trendlərinə qoşulması üçün Zəngəzur dəhlizi kimi layihələrin bir parçası olmaqdan başqa alternativi yoxdur. Dəhlizin açılması bu ölkə üçün də yeni iqtisadi imkanlar və nəqliyyat təchizatında çoxşaxəli çıxışlar deməkdir. Ölkə rəhbərinin çıxışı, həm də siyasi mesaj xarakteri daşıyır və həm Ermənistan rəhbərliyinə, həm də beynəlxalq vasitəçilərə ünvanlanıb. Yəni Azərbaycan artıq yolun sonundadır, texniki hazırlıq tamamlanmaq üzrədir. Əgər qarşı tərəf anlaşmaya gəlməzsə, Bakı alternativ marşrutlar vasitəsilə bu layihəni reallaşdıracaq. Bu kontekstdə İranla həyata keçirilən əməkdaşlıq və dəmir yolu bağlantılarının yaradılması, geosiyasi baxımdan Azərbaycanın əlini daha da gücləndirir”.
E.Mirzəbəyli əlavə edib ki, Zəngəzur dəhlizinin açılışı real olaraq 2025-ci ilin sonuna qədər baş verə bilər:
“Hazırkı temp və diplomatik proseslərə baxıldıqda, bir neçə ay ərzində razılaşma əldə olunacağı və texniki tamamlanmadan dərhal sonra marşrutun istismara veriləcəyi ehtimal olunur. Prosesin son mərhələsində isə beynəlxalq hüquq müstəvisində müəyyən razılaşmalar və zəmanətlər tələb oluna bilər. Bütövlükdə, Prezidentin Xankəndidə Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq tərəfdaşlara və regionda maraqlı olan güclərə ünvanlanmış siyasi bəyanat kimi qəbul olunmalıdır. Bu yanaşma Azərbaycanın strateji mövqeyini bir daha gücləndirir, prioritetlərini ortaya qoyur və yaxın gələcəkdə baş verəcək mühüm geosiyasi hadisələrin anonsunu verir. Azərbaycanın Zəngəzur dəhlizinin açılışına hazır olması bölgədə yeni mərhələnin başlanğıc nöqtəsi hesab oluna bilər”.