Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı Əbu-Dabi görüşünə münasibət bildirib.
Turkustan.az xəbər verir ki, o, görüşün təhlilinin bəzi ilkin nəticələrini açıqlayıb.
Politoloqun fikrincə, indi “çərçivə sülh sazişi”nin imzalanması rəsmi Bakının Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı irəli sürdüyü şərtin yerinə yetirilməsindən asılı olaraq qalır:
“Məlum olduğu kimi, kommunikasiyalar mövzusu, o cümlədən Zəngəzur dəhlizi “çərçivə sülh sazişi”nin mətnindən çıxarılsa da, bu görüşdə əsas müzakirə mövzusu oldu. Azərbaycan və Rusiya arasında gərginliyin səbəblərindən biri odur ki, həm İrəvan, həm də Bakı üçüncü tərəfin (bəlkə də Türkiyənin) ABŞ-ın təhlükəsizliyin təminatçısı kimi iştirakının mümkünlüyünü müzakirə etmək barədə razılaşıblar. Bu proses Moskvanın 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndinin icrasını təmin etmək imkanının olmaması və ya faktiki olaraq istəməməsi fonunda baş verir. Güman edirəm ki, ABŞ-la İran arasında aparılan danışıqlarda Zəngəzurla bağlı “İranın qırmızı xətləri” mövzusu aradan qaldırılıb”.
T.Zülfüqarov qeyd edib ki, bəzi şərhçilər bu görüşün Azərbaycan və Ermənistan başçılarının Rusiyanın iştirakı olmadan keçirdiyi ilk görüş olduğunu iddia edərkən yanılırlar:
“Bununla belə, bu görüş Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti olmadan işləməsi məsələsinin gündəmə çıxarıldığı ilk görüşlərdən biridir. Əgər mənim fərziyyələrim doğrudursa, bu görüşü ona görə tarixi adlandırmaq olar ki, Ermənistan-Azərbaycan münaqişəsi yenidən başladığı nöqtəyə qayıdıb. Bu gün az adam xatırlayır ki, ilk azərbaycanlı qaçqınlar 1987-ci ilin payızında Qafanda peyda olub və erməni millətçilərinin hücumuna məruz qalan ilk rabitə xətti Azərbaycan Dəmir Yolları İdarəsinin Meğri hissəsi idi”./globalinfo.az