Aşura qalmaqalının ilginc pərdəarxası üzə çıxdı – Azərbaycanda İLK


Bu il Azərbaycanda ilk dəfə Aşura günü ilə bağlı fikir ayrılığı ortaya çıxıb. Bir qism bu tarixi 5 iyul, digərləri 6 iyulda qeyd ediblər. İddialara görə, səbəb İranda dini liderlər və mərkəzlər arasında mövcud olan anlaşmazlıqlardır. Ekspertlər hesab edirlər ki, bu cür ziddiyyətlər təkcə dini təqvim fərqləri ilə izah oluna bilməz və onların arxasında siyasi faktorlar dayanır. Azərbaycanda yaranan mübahisəli vəziyyətin də məhz bununla əlaqəli ola biləcəyi istisna edilmir.

Aşura ilə bağlı durumun səbəbləri nələrdir? Doğrudanmı bu, İranda dini liderlər və mərkəzlər arasındakı fikir ayrılığının əlamətidir?

Globalinfo.az-a danışan Batini-Quran kitabının müəllifi, Sufi-Batin alimi Firudin Gilar Bəg deyib ki, indiki İran şiəliyinin əsl şiəliyə heç bir aidiyyəti yoxdur:

“Əsl şiəlik bizim – azəri pirlərinin İsna-Aşəriyə dinidir. İranın elmsiz ayətullahları, nəinki, İsna-Aşəriyə dininin, heç şiə sözünün həqiqi, yəni batini mənalarını bilmirlər. Bu gün İranda din cahil mollaların insanları təsir altında saxlaması, ölkənin sərvətini talaması üçün bir alətdir. Düşünürəm ki, müqəddəs mərasimimiz olan Aşura ilə bağlı fikir ayrılığı bununla əlaqədar ola bilər”.

F.Gilar Bəgin fikrincə, Azərbaycan şiəliyini fars şiəliyindən ayırmaq lazımdır:

“Xalqımıza müqəddəs dinimiz haqqında gerçəkləri, onun yeddi qat dərin batini mənalarını anlatmaq lazımdır. Möminlərimiz cahil və saxta mərceyi-təqlidlərə qulaq asmamalıdırlar. Şiəliyi biz – ifrat Gelat şiələri olan Qacar şahlar nəslinin ismaili natiqləri yaratmışıq. Fars cahil ayətullahları bunlar haqda heç nə danışmır və həqiqətin üzə çıxmasından qorxurlar. Ona görə də Qarabağ müharibəsində və indi bizim yox, ermənilərin tərəfində olublar”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ