İran-İsrail müharibəsinin artıq 7-ci günü də geridə qaldı. İran, İsrail, ABŞ-la yanaşı, digər ölkələr də artıq müharibənin gedişatı ilə bağlı açıqlamalar verir, öz fikir və təkliflərini irəli sürürlər.
Artıq rəsmi şəkildə ABŞ da müharibəyə qoşulduğunu və yaxın günlərdə İrana zərbələr endirəcəklərinə hazırlaşdıqlarını bildirdilər.
Görünən odur ki, bu müharibənin miqyası gün keçdikcə daha da artır, əlavə ölkələrin qoşulması III Dünya müharibəsi ilə bağlı deyilənləri doğru çıxmağa əsas verir.
Təbii ki, bütün bu proseslər qonşu ölkə olaraq Azərbaycanı da narahat edir. Belə olan halda bir sual yaranır. İsrail-İran müharibəsinin Azərbaycan üçün hər hansısa təhlükəsi varmı? Turkustan.az olaraq bu sualımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.
Məhəmməd Əsədullazadə
Yaxın şərqin artıq siyasi şəkilləndirilməsi prossesi davam edir. İsrailin İrana qarşı hərbi əməliyyatları Azərbaycan üçün də müəyyən təhlükələr yaradır. Çünki, hələ bilinmir ki, İranda prosseslər hansı istiqamətdə gedəcək. İran federallaşacaqmı, parçalanacaqmı, ABŞ və İsrail axıra qədər gedəcəkmi - bütün bu proseslər Azərbaycanı narahat edən əsas faktorlardır. Həmçinin, Azərbaycan İsrailə xəbərdarlıq edib ki, Güney azərbaycanlılarının yaşadığı şəhərlər vurulmamalıdır. Bu humanitar problemlərə də gətirib çıxara bilər. Çünki, bizim 40 milyon soydaşımız orada yaşayır. Azərbaycan dövləti onların taleyinə biganə qala bilməz. İran qonşu ölkədir və oradakı sabitlik Azərbaycanın maraqlarına cavab verir. Biz burada beynəlxalq hüququn pozulduğunu görürük. Çünki bir dövlət digər dövlətin sistemini dəyişməyə çalışır. Güc amili artıq ön plana keçib. Hansı ölkə güclüdürsə, zəif tərəfi məhv etməyə çalışır. Biz İran tarixinə nəzər saldıqda görürük ki, daima qərblə sivilizasiya toqquşması, həmçinin hərbi toqquşma yaşayır. Çünki İran öz imperiya maraqlarını qoruyan dövlətdir. Bu da Amerikanın siyasi, hərbi, iqtisadi maraqları ilə toqquşur. Onu da bildirim ki, qarşılıqlı raket atışları heç də birinin digər tərəf üzərində qələbəsinə gətirib çıxarmayacaq.
Aytən Yaşar/ Turkustan.az