Qərbi Azərbaycandan danışmaq üçün hansı deputatdan icazə almalıyam?


Zaur İbrahimli

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinqi bir daha göstərdi ki, dövlət üçün vacib olan bu strateji sahədə QHT xətti üzrə hansı miqyasda iş aparılır. Maşallah! Əgər son 3 ildə “Qərbi Azərbaycana qayıdış” mövzusunda QHT-lərin 54 təşəbbüsü dəstəklənmişdisə, 2025-ci ildə bu mövzuda 51 QHT layihəsi icra olunur. Etiraf etmək lazımdır ki, bu miqyasda kəmiyyət və keyfiyyət heç vaxt olmayıb. QHT-lər “Qərbi Azərbaycana qayıdış”la bağlı ortaya sanballı işlər qoyur, mötəbər tədbirlər keçirir. Bu mənzərə əslində, QHT sektorunda aparılan islahatların uğurudur. Cəmi 2 il əvvəl biz “Biləcəri stansiyası”nda ilişib qalmaqdan şikayətlənirdik, indi Azərbaycan QHT sektorunun fəaliyyəti artıq lokal çərçivəni və ölkə xaricindəki fraqmentar təşəbbüslər həyata keçirmək mərhələsini adlayıb, qlobal təşəbbüslər irəli sürmək, reallaşdırmaq, beynəlxalq əməkdaşlıq formatları yaratmaq mərhələsinə qədər inkişaf edib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Milli QHT Forumunun yeni formatda fəaliyyəti, institusional böyüməsi, genişlənən beynəlxalq əlaqələri, milli QHT sektorunun inkişafı üçün həyata keçirdiyi təşəbbüslər ortada olan sistemli bir fəaliyyəti, bilik, bacarığı, potensialı nümayiş etdirir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu il ilk dəfə regional layihələrə başladı - İraq, Suriya və Türkiyədə yaşayan azərbaycanlılarla – türkmanlarla həmrəylik forumu etdi. Biz indi bu forumun ardına hazırlaşırıq. Bu ilin aprelində müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından biri, bəlkə də birincisi olan hadisə baş verdi – 116 ölkədən QHT-lər səsimizə səs verdi, Bakı Qlobal Cənub QHT Platformasının mərkəzinə çevrildi.

QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb. Qlobal Cənub QHT Platformasının yaradılması, rəhbərliyinin ölkəmizə həvalə edilməsi milli QHT sektorunun, Azərbaycan Milli QHT Forumunun artan gücünü nümayiş etdirdi. Bu onu göstərir ki, əsas məqsədlərdən birinə – QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub.

Artıq inamla deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər.

Təəssüf ki, bəzən görürük ki, “bulanıq su” xiffəti ilə yaşayanları, qrant dəllal və dələduzlarını, bəzi “qrantbaz deputatlar”ı bu uğurlar cılız ambisiyaları naminə narahat edir, onlar bu sektorun ləkəli, qeyri-şəffaf qalmasında maraqlıdırlar. Utanmadan Azərbaycanın düşmənləri, anti-Azərbaycan şəbəkəsi ilə vasitəçilər tapıb əlaqələrə çıxırlar, onlara öz intellekt səviyyələrində “nüfuzdansalıcı” materiallar ötürürlər, elə bilirlər ki, heç kim görmür və bilmir. Görülən işləri qaralamaq, heçə endirmək, şər-böhtan atmaq üçün alışıb-yanırlar. İşin bəlkə də ən toxunan hissəsi bütün bu riyakarlıqları bəzilərinin “Qərbi Azərbaycan” adı altında etməsidir. Elə bilirlər ki, kimsə hansısa mandat daşıyırsa, bu ona zirehdir, o, ağlına nə gəlirsə, edə, deyə bilər. Halbuki, etimadı doğrultmaq, Qərbi Azərbaycan adına layiq işlər görmək əsas qayğı olmalı idi. Bu mövzunu necə monopoliyaya almaq olar ki? Məsələn, mən Naxçıvanda – Kəngərlidə doğulmuşam. Qərbi Azərbaycan mövzusunda danışmaq üçün hansı deputatdan icazə almalıyam?!


MANŞET XƏBƏRLƏRİ