Qarabağa nə vaxt portalsız gedə biləcəyik? - Deputatlar AÇIQLADILAR


Torpaqlarımızın işğaldan azad edilməsindən artıq 5 il ötür. Qarabağa böyük köç istiqamətlənib. Keçmiş məcburi köçkünlərin bir qismi artıq doğma torpaqlarına yerləşib. Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış prosesi davam edir.

Bununla yanaşı, işğaldan azad olunmuş rayonlarda qeydiyyatda olan, ancaq hələ köç sırası gəlməyən keçmiş məcburi köçkünlər doğma torpaqlardakı ata-baba yurdlarına, qəbiristanlıqlara baş çəkmək üçün müəyyən çətinliklərlə üzləşirlər. Onlar doğulub-böyüdükləri torpaqlara gedib-gəlmək üçün portal sistemində qeydiyyata düşməli, rəsmi icazə almalıdırlar. Qarabağ və Şərqi Zəngəzurdan olan vətəndaşlar hökumətin onlar üçün gediş-gəlişi bir az da sadələşdirməsini istəyirlər. Bəs bi istək əsasında keçmiş məcburi köçkünlər üçün portal sistemi ləğv oluna bilərmi?

"Təhlükəsizlik məsələsini nəzərə almaq lazımdır"

Modern.az-a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib ki, tez-tez bu məsələ ilə bağlı ona da müraciət edilir:

"Portalın ləğvi dövlət üçün heç bir problem yaradan məsələ deyil. Portal tələbinin bu günə qədər qüvvədə qalmasının əsas məqsədi insanların təhlükəsizliyilə bağlıdır. Mən də düşünrəm ki, təhlükəsizliyi nəzərə almaq lazımdır. Bu günə qədər azad olunmuş ərazilərdə 400 nəfər minaya düşübsə, sizi əmin edirəm, portal aradan qaldırılsa, bu say 500-600, hətta 1000-ə qədər qalxa bilər. Təəssüf ki, insanlarımızın bir qismi mina probleminə həssas yanaşmırlar. Kimsə işğaldan azad olunmuş ərazilərə getmək istəyirsə, portaldan asanlıqla keçib gedə bilər. Burada hansısa problem yoxdur. Bunu ciddi problem kimi təqdim etməyin tərəfdarı deyiləm. Mən başa düşürəm ki, hamı ora getmək istəyir. Amma biz ora sağlam getmək istəyirik! İnsanlarımız bunu nəzərə almalı və maksimum diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, öz həyatlarını qorusunlar. Dövlətin indiyə kimi portal sistemini qüvvədə saxlamasında əsas məqsədi budur. Bunu hamı nəzərə almalıdır”.

"Təmkinli olmaq lazımdır"

Deputat vurğulayıb ki, insanlar tələsməməli, daha diqqətli olmalıdırlar:

“Əks halda, daha çox həyatını itirən olacaq, daha çox problemlə üzləşə bilərik. Ona görə tələsməyək, zamanla onsuz da bu məsələ aradan qalxacaq. Proseslər ona doğru gedir. Biz uzun müddət bu sistemi tətbiq edə bilməyəcəyik. Hamımız ora təhlükəsiz getmək istəyirik. Bunu hər kəs nəzərə almalıdır. Təəssüf ki, bəzən mediada insanları qıcıqlandıran, onları fərqli istiqamətə yönləndirən yanaşmaları da görürük. Düşünürəm bu, təhlükəlidir. İnsanları qızışdırmamalı, düzgün yönə istiqamətləndirməliyik”.

"Qaydalar mütəmadi olaraq sadələşdirilir"

Milli Məclisin Füzulidən olan ddeputatı Vüqar Bayramov deyib ki, işğaldan azad olunmuş ərazilərə gediş-gəlişin mütəmadi olaraq sadələşdirilməsi müşahidə olunur:

“Bu gün hər bir vətəndaşımız sadəcə elektron portaldan istifadə etməklə işğaldan azad olunmuş ərazilərimizə getmək imkanına malikdir. İcazənin alınması ilə bağlı zaman kifayət qədər qısadır. İşğaldan azad olunmuş ərazilərimiz minalardan təmizləndikcə, gediş-gəliş prosedurunun daha da sadələşdirilməsini müşahidə edəcəyik. Burada əsas məsələ vətəndaşlarımızın təhlükəsizliyinin bizim üçün önəmli olmasıdır".

Deputat qeyd edib ki, vətəndaşların təhlükəsizliyi ilə əlaqədar müəyyən qaydalar tətbiq olunur və tədricən yumşaldılır:

"Həm məskunlaşmanın genişlənməsi, həm də həmin ərazilərin minadan təmizlənməsi həyata keçirildikcə, yenə deyirəm, prosedurların sadələşməsini müaşhidə edə biləcəyik. Növbəti ilin sonuna qədər işğaldan azad edilmiş ərazilərimizə 140 min keçmiş məcburi köçkün qayıdacaq. Bu da ondan xəbər verir ki, məskunlaşmanın genişlənməsi gediş-gəliş prosedurlarının daha da sadələşdirilməsinə şərait yaradacaq”.


MANŞET XƏBƏRLƏRİ