107 il öncə bu gün - Azərbaycanla Türkiyə arasında ilk dövlət sənədi imzalandı - MƏTN


Araz Aslanlı

107 il öncə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı Dövləti arasında dostluq müqaviləsi imzalandı. 4 iyun 1918-ci il tarixli müqavilə Azərbaycan dövlətinin xarici dövlətlərlə imzaladığı ilk rəsmi sənəd hesab olunur.

Bu günkü Azərbaycan Respublikası sadəcə simvolik olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi deyil; Azərbaycanın xarici siyasəti, qonşularla münasibəti, eləcə də bütövlükdə dünyaya baxışı baxımından AXC (1918-1920) dövrü bu günümüz üçün baza təşkil edir. Yuxarıda qeyd edilən 11 maddəlik müqavilənin böyük önəmə malik 4-cü maddəsində belə qeyd edilmişdi: “Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən tələb olduğu təqdirdə, Osmanlı hökuməti, daxili nizamın və asayişin təmini və bərpası üçün, gərəkli silahlı qüvvəylə yardım edəcəkdir” (Azerbaycan Hükûmet-i Cumhûriyyesi tarafından taleb vukû‘unda Hükûmet-i Osmâniyye intizâm ve âsâyiş-i dâhilînin te’mîn ve i‘âdesi içün lede'l-îcâb silâh kuvvetiyle mu‘âvenetde bulunacakdır.)

Bu müqaviləyə əlavə olaraq, Bakı-Batum neft kəməri, Cənubi Qafqaz dəmir yolu haqqında olan saziş və protokollar imzalanmışdı. “Bakı-Batum neft kəməri” ilə bağlı sazişdə Gürcüstan, Türkiyə və Azərbaycan öz ərazilərində neft kəmərinin fəaliyyətinin təmin olunmasını razılaşdırmışdılar.

Bu gün Türkiyə və Gürcüstan ilə olan strateji münasibətlərimizin təməlləri məhz o illərdə atılmışdı.

Ümumiyyətlə 4 iyun 1918-ci il tarixli müqavilə Azərbaycanın, Azərbaycan-Türkiyə münasibətlərinin və geniş mənada bölgəmizin taleyi baxımından xüsusi dönüş yaradan bir sənəddir.

Qardaşlığımız, birliyimiz əbədi olsun!


MANŞET XƏBƏRLƏRİ