“Əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri, azərbaycanlıların şeyxülislamı Allahşükür Paşazadə “Qərbi Azərbaycan”da məscidlər və Quran nüsxələrindən danışdı, sonra Ermənistanın Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan Erməni Apostol Kilsəsini hədəfə almağa başladılar”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
O bildirib ki, Erməni Apostol Kilsəsi Azərbaycanın tələblərini rədd edir və Bakıya qarşı davranış sərgiləyir:
“Bu məsələ Ermənistan hökumətini narahat edir. Ona görə də hökumət iclaslarında kilsəni hədəfə almağa başladılar. Nikol Paşinyanla Anna Akopyanın Feysbukda son paylaşdıqları mətnlər də məhz bu prosesin bir parçasıdır. Daha əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri “Qərbi Azərbaycan”da qazılıqların fəaliyyətindən bəhs etmişdi. Paşinyanla Akopyanın məhz bundan sonra aktiv paylaşımlar etməsi diqqət çəkir”.
Qeyd edək ki, Nikol Paşinyan və Anna Akopyanın paylaşımları Ermənistan ictimaiyyətində rezonans doğurub. Onlar Erməni Apostol Kilsəsinin din xadimlərinin fəaliyyətini tənqid ediblər.
Xatırladaq ki, Şeyx Allahşükür Paşazadə ötən həftə QMİ-nin Qazılar Şurasının iclasında azərbaycanlıların deportasiyasına kimi Qərbi Azərbaycanda fəaliyyət göstərən qazılıqlardan, ermənilərin Azərbaycana məxsus milli və tarixi abidələrə qarşı törətdikləri vandallıqlardan danışıb. O bildirib ki, ermənilər Qərbi Azərbaycan məscidlərindəki nadir Quran nüsxələrini hərraclarda satıb./Globalinfo.az