Moskvaya səfərə gedən Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi təhlükəsizlik səbəbilə Bakıya təcili eniş etməyə məcbur olub.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı "Informer" nəşri yayıb.
Məlumata görə, Vuçiçin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün planlaşdırdığı səfər zamanı, təyyarənin Rusiya hava məkanına daxil olması təhlükəli sayılıb.
Səbəb kimi isə bölgədəki gərgin vəziyyət, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu və Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyəti nəticəsində təyyarənin vurulma riski göstərilir.
Məlumata görə, prezident Vuçiçin olduğu təyyarə Rusiya Federasiyası ərazisinə yaxınlaşarkən münaqişə zonasının üzərindən uçmaq təhlükəli hesab edilib. Uçuşun davam etdirilməsi mümkün risklərə görə dayandırılıb və təyyarə Azərbaycanın paytaxtı Bakıya təcili eniş edib.
Serbiya prezidentinin müşayiət etdiyi nümayəndə heyəti də hazırda Bakıdadır. "Informer"in məlumatına görə, Vuçiçin Moskva səfəri artmaqda olan regional gərginlik fonunda təhlükəli qiymətləndirilib və təxirə salınıb.
Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına səfər etməlidir./Bizim.Media