Dünyanı gözəl tərənnüm edən Elza İbrahimova


Çilənay Huseynova

AMEA Memarlıq və İncəsənət İnsitutunun kiçik elmi işçisi

Açıklama yok.

Bəstəkarın nəğmələri bu gün də sevilir

Mahnı janırında dərin iz buraxmış bəstəkarlardan biri də Azərbaycanın və Dağıstanın xalq artisti bəstəkar Elza İbrahimovadır. Elza xanim yaddaşlara həkk olunmuş, qəlblərdə taxt qurmuş mahnıların müəllifi kimi Azərbaycanda mahnı janırının inkişafında əhəmiyyətli rol oynamışdır. O, Qara Qarayev bəstəkarlıq sinifinin yetirməsi olmuşdur. O, simfonik, kamera instrumental janrda əsərlərin müəllifi olmasına baxmayaraq, mahni janırındada çox gözəl tövhələr yaratmışdır. Bəstəkarın heç kimə bənzəməyən fərdi mahnı üslubu movcuddur. Onun mahnılarını dinlədikdə melodiyanin xüsusi ifadəliliyinin, mətnin dərinliyinin dinləyicinin ürəyini riqqətə şahidi oluruq. Elza İbrahimova ilk mahnısını 1969-cu ildə bəstələyib. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Xalq artisti Şövkət Ələkbərova olmuşdur. Tezliklə bu janrda yazılmış bir sıra nümunələr yaranır “Bakının ışıqları” “Bulaq başında ” “Səslə məni” “Gedək üzü küləyə”və başqaları...

Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilib. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və s. tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulub.Onun vals janrda da gözəl nümunələr yaratmışdır. Bunlardan “Mən sənin yanına qışda gəlirdim” “ Sən yadıma düşəndə ” və s. Bəstəkarın mahnılarında diqqəti cəlb edən ilk növbədə ifadəli melodiyadır.Onun quruluşu mətnin ən xırda nüanslarını özündə əks etdirir.Bu baxımdan bəstəkarın mətnlə işləmək bacarığı xüsusi olaraq vurğulanmalıdır. O, şeir seçiminə xüsusi diqqət yetirərək şairlərin mətnlərinə müraciət edir. Onların arasında Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Məmməd Araz, Dəmir Gədəbəyli, Vahid Əziz, Ramiz Heydər və başqaların qeyd etmək olar. Onun Vahid Əzizin sözlərinə yazilan “Mehribanim” adlı mahnısı dillər əzbəridir.Insanda xoş ovqat yaradan bu mahnını bir çox sənətkarlar bugündə sevərək ifa edirlər.Bəstəkarın mahnı yaradıcılığına nəzər salarkən burada müəllifin bir sıra mövzulara müraciət etdiyinin şahidi oluruq. Vətənpərvərlik mövzusunda yazdığı ən məşhur mahnılardan biri A.Abdullayevin sözlərinə yazdığı və Rəşid Behbudov tərəfindən ifa olunmuş “Ey Vətən” adlı mahnısıdır.Vətənpərlik mövzusuna həsr olunmasına baxmayaraq, “Ey Vətən ” bəstəkarın mahnı üslubuna xas olan lirik çalarlarla zəngindir.Sonraki illərdə başqa ifaçılar da bu mahnıya müraciət etmişdilər.Bu ifaçılardan Rauf Adıgözəlov,Akif İslamzadə və başqaları.Qeyd edim ki bugündə gənc ifaçılar tərəfindən sevərək ifa olunur.Heç şüphəsiz ki gələcək nəsillərində ən sevilən vətənpərvərlik mahnisi olacaq.

Elza İbrahimovanın mahnılarını dövrünün ən məşhur ifaçıları səsləndirib. Xatırladaq kı o,bir müddət “Dan Ulduzu”vokal-instrumental ansamblı ilə çalışıb. Bəstələdiyi nəğmələri Rəşid Behbudov, Şövkət Ələkbərova, Sara Qədimova, Oktay Ağayev, Elmira Rəhimova, İlhamə Quliyeva, Flora Kərimova, Akif İslamzadə və bir çox başqa müğənnilərin repertuarının bəzəyi olmuşdur.İllər keçməsinə baxmayaraq böyükdən kiçiyə dilər əzbəri olan bu mahnılar bugündə dinlərkən insanın qəlbinin dərinliklərində sızıldadır. Onun nəğmələrində bir yaşanmışlıq var.Bəlkədə bu onun vaxtsız ayrıldığı kədərli taleyi ilə əlaqədardı. O gündən onun yaradıcılığı öz istiqamətini deyişir.Bu illərdə o Bilməzdim (söz. Oqtay Şamil) , “Yoxluğunu bilə-bilə” (söz. Zivər Ağayeva),Bu bağçadan keçmisən”, “Daha məndə dözüm yox”,Gecələr bulaq başı”, , “Gəl, barışaq”!.. (söz. Ə. Kürçaylı) “İllərin sorağında”, “ Mən sənin yanına qışda gələrdim”, “O gözlər” “Sən bir nəğmə, mən bir nəğmə” (söz. Yusif Həsənbəy) “Sən mənə lazımsan”, “Sən yadıma düşəndə ” (söz D. Gədəbəyli), “Təki sən səslə məni” (söz. Ə. Kürçaylı), “Unuda bilməzsən”, “Yar gəldi ”(söz. Əli Kərim) “Yoxluğunu bilə-bilə” (söz. Zivər Ağayeva),“Darixma”(söz D.Gədəbəyli) mahnılari qəlblərdə taxt qurub.

O dövrün gəncliyin sevimli teletamaşası olan, bugundə izlərkən çox təsir bağışlayan “Səni axtarıram”dakı (rejissoru Tariyel Vəliyev, ssenari müəllifi Aslan Qəhrəmanov) “Gəl-gəl, gülüm” mahnısı kimin yadından çıxar?

Nəğmə dolu bir dünyama

göz açmışdı o gözlər.

Bir ömürlük məhəbbətdən

söz açmışdı o gözlər...

Əvəzedilməz Flora Kərimovanın hıçqırıqları dinləyicilərin hıçqırıqlarına qarışırdı.

Niyə birdən yoxa çıxdı

O bəxtəvər gülüşlər,

Niyə məni belə yıxdı,

Niyə məni belə yıxdı

O bəxtəvər gülüşlər?!

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Elza İbrahimova Azərbaycan bəstəkarlıq məktəbində yeni yol açıb, ifaçıların rəğbətini, kiçikdən-böyüyədək dinləyicilərin məhəbbətini qazanıb. Musiqini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirib.

Ölməz Xalq şairi Bəxtiyar Vahabzadə vaxtilə Elza İbrahimovanın yaradıcılığı haqqında deyib: “Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslərin, həyəcanların, bir sözlə iç dünyamızın rəssamıdır” Necədə gözəl və dəqiq təsvir edib. Onu unudulmağa qoymayan, ürəklərdə əbədiyyət heykəlini ucaldan da elə bu kövrək, bənzərsiz , qəlbəyatan bəstələrdir. Əminliklə deyə bilərik ki, müasir musiqi mədəniyyətində bundan sonra hansı istiqamətlər yaransa belə, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun kövrək,qəlbəyatımlı, sehirli musiqiləri hələ neçə-neçə nəsilləri heyran edəcək.


MANŞET XƏBƏRLƏRİ