Bir polis tanıyıram, sinə dəftər...


Mən bir polis tanıyıram. Sinədəftər, ürəyi torpaq kimidir, misra-misra söz göyərir. Sözünün min bir çalarlı rəngi var şair polisin. O, bütün varlığı ilə sevgiyə, xeyirxahlığa köklənib. Öncə Yaradanı, sonra bütün yaradılmışları sevən ürəyində kinə, küdurətə yer yoxdur…

Şeirləri, publisistikası ilə dövri mətbuatda tez-tez rastlaşırdım, sevə-sevə oxuyurdum. Bəlkə də mənim kimi çoxlarının diqqətini çəkmişdi onun qanadlı fikirləri, uçan sözləri.

O, “Kəsilən ağacların ağrısının göyərməyinə yaz deyilir” misrası ilə mənim şairim olmağı bacardı. Polis polkovnik-leytenantı Hafiz Təmirovun kövrəkliyini, duyğularını, yurd-vətən həsrətini Daxili İşlər Nazirliyinin mətbu orqanı olan “Mübariz keşikdə” (“Polis”) qəzetində görəndə, düzü, çox sevindim. Yazılarımın yer aldığı bu qəzetdə artıq o daxili işlər orqanının əməkdaşı olaraq maraqlı məqalələrlə çıxış etməyə başladı.

Adına Vətən deyirik,

Bu qara gözlü torpağın.

Uğrunda can veririk

Bu qara gözlü torpağın

Bu fikri o kəslər deyə bilər ki, o insanların gözünün içinə düz baxdığı kimi torpağın da gözünə, üzünə dik baxa bilir. Hafiz təbiəti bir başqa cür təsvir və tərənnüm edir.

Tumurcuq yuxusu qaçır gözündən,

“Oyanın ”,-söyləyir yaz ağaclara.

Küləklər at çapıb məktub daşıyır,

Oğlan ağaclardan, qız ağaclara

Bu şeirin sonuncu bəndində şair hamıya, hər kəsə sətiraltı bir mesaj ünvanlayır:

Ruhu var, qəlbi var, o bizdən biri,

Kökündə gizlədir gör neçə sirri.

Ölsə, tərk eləmir bitdiyi yeri,

Niyə oxşamırıq biz ağaclara.

Şair, polis polkovnik-leytenantı Hafiz Hacxalılın çox sonralar müxtəlif adda çıxan şeir kitablarını da tapıb oxudum. Kitabların adları da sanki onun iç dünyası ilə bir başa bağlıdır. “Atillaya məktub”, “Dərdimdən ölən dərdlərim”, “Arzu ömrü uzatmır” və s. O, oxucusunu bədii yalana inandırmır. Həyatı olduğu kimi təsvir etməyi sevir, yaşadıqlarını, ehtiyacını, ağrısını olduğu kimi qələmə alır.

Hafiz şeir adlı dünyanın ekvatorundadır. Özü qaynarqanlı olsa da bəzən şeirlərini oxuyanda canını bir titrətmə sarır. İlk misraları ümidsizliyə köklənən şeirlərin sonunda onun heç də pessimist olmadığı meydana çıxır. O bilir ki, sınaq üçün bu dünyaya göndərilən insanı xilas edən böyük bir ilahi qüvvə, qarşısı alınmaz bir güc var.

Əllərim uzanar göylərə hər gün,

Fikrim asimanı dolanar, gəzər.

Ölçüyə gəlməz ki, bu böyüklüyün,

Allah, görməmişəm mən sənə bənzər.

Ədəbiyyata 2000-ci illərdə gələn Hafiz Təmirov 2009-cu ildə gənc yazarlar üçün nəzərdə tutulan Prezident təqaüdünə layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Universitetini bitirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti rəisinin müavinidir.

Doğulduğu yurda, 1988-ci ildə sonuncu deportasiya zamanı 6 yaşında tərk etdiyi Ermənistan adlanan tarixi torpaqlarımıza qayıdacağı günü həsrətlə gözləyir. Publisistikasında doğulduğu Dağ İlməzli kəndini, evlərini, Dağ İlməzli kəndinin toylarını, şah bəzədilməsini, Hacı Xəlil ocağığını elə ustalıqla qələmə alır ki, oxuduqca düşmənə nifrət hissimiz böyüyür, itirdiklərimizə heyfslənirik.

Onun yaradıcılığında müharibə mövzusu öz orijinallığı ilə seçilir.

Sağ əli Şuşada qalan əsgər qardaşım,

Sən sevinəndə daha kimsəyə deyə bilməyəcəksən:

“Sağ əlim sənin başına”…

Və yaxud da

Bir ürək nəğməsi, bir könül şeiri,

Bir qaya üstündə bitən gül şeiri,

Şəhid məzarına qərənfil şeiri,

Yaza bilmirəmsə, haram şairdi.

Yenə eyni mövzuda :

Qızım:

-Ata, Qarabağda ermənilər quşların yuvasını da dağıtmışdılar?

Mən:

  • Üstündə yuva olan ağacları da kəsmişdilər, qızım.

Bəli, bu misraları tabloya köçürsək müharibənin də, düşmənimizin də necə qəddar və amansız olduğunu görə bilərik. Hərgah ki, biz müharibə ağrılarından doğulan arzularla qayıdacağımız günə inanırdıq və arzular indi çin olub. Bu gün azad olunmuş torpaqlarda Hafizin qəhrəmanlığını vəsf etdiyi, qələmə aldığı Azərbaycan Əsgəri ilə, Azərbaycan Polisi çiyin-çiyinə xidmət aparır.

“Polis” qəzetinin redaktoru, polis polkovnik-leytenantı Hafiz Təmirov hələ çox yazacaq, yaradacaq, çünki qarşıda yaşanacaq illər var. İmkan olsa kitablarını əldə edib Söz adamını daha yaxından tanıyın. Şair qardaşımıza, polis qardaşımıza uğurlar arzusu ilə...

AFƏT

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ