Qardaş Türkiyənin paytaxtı Ankarada yayımlanan fikir və mədəniyyət dərgisi “Yüce Erek”in yeni sayı gün üzü görüb. 3 May – Türkçülük Gününə özəl olaraq hazırlanan bu sayda şair-publisist Əkbər Qoşalının “Türkçülük – 3 May, 3 Maydan öncə və sonra…” adlı məqaləsi dərc olunub.
Türkçülük düşüncəsinin tarixi inkişaf xəttinə ümumiləşdirici baxış təqdim edən yazıda keçmiş, bugün və gələcək arasında ideya körpüsü qurulur; müxtəlif coğrafiyalarda türk kimliyinin yaşama və yaşatma mücadiləsi yığcam, lakin təsirli şəkildə incələnir. Məqalədə Türküstandan Anadoluya, Qafqazdan Balkanlara, Tatarıstan və Sibirdən Quzey Kıbrısa qədər uzanan böyük coğrafiyada türkçülüyün siyasi bir çağırış olmaqdan daha çox, mədəni yaddaş, dil, ruh və tarixi şüur məsələsi olduğu vurğulanır.
“Yüce Erek” dərgisinin bu sayı bütövlükdə Türk dünyasının ortaq fikir atlası təsiri bağışlayır. Dərgidə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Tatarıstan, Quzey Kıbrıs, başqa türk ölkə və topluluqlarından alimlərin, araşdırmaçıların, şair və publisistlərin məqalələri yer alıb. Bu anlamda, nəşr çağdaş türk düşüncəsinin canlı dialoq məkanı kimi diqqət çəkir.
2025-ci ildən etibarən fəaliyyətini yenidən davam etdirən 27 yaşlı “Yüce Erek” dərgisində Azərbaycan müəlliflərinə və Azərbaycan mövzularına müntəzəm yer ayrılması diqqətə layiqdir. Bu durum Türkiyə–Azərbaycan ədəbi, elmi və intellektual işbirliyinin yeni mərhələdə daha sistemli şəkildə inkişaf etdiyini göstərən örnəklərdən biri sayıla bilər.
Əkbər Qoşalının məqaləsində 3 May hadisələri Türk dünyasının parçalanmış coğrafiyalar arasında ortaq ruh axtarışının bir simvolu kimi təqdim edilir. Yazıda “Türkçülük – parçalanmış coğrafiyaları mənəvi baxımdan bir-birinə bağlayacaq böyük yaddaşdır” düşüncəsi əsas xətt kimi keçir.
Məqalənin diqqətçəkən cəhətlərindən biri də odur ki, müəllif türkçülüyü çağdaş geosiyasi və kulturoloji gerçəkliklər fonunda dəyərləndirərək, onu keçmişə qapanmış romantik nostalji kimi göstərmir. Türk Dövlətləri Təşkilatı, ortaq əlifba təşəbbüsləri, enerji və daşımalar layihələri, mədəni inteqrasiya prosesləri kimi mövzular türkçülüyün yeni mərhələsinin əlamətləri olaraq tanıdılır.
Yazıda II Qarabağ savaşı sonrası yaranmış yeni gerçəkliklərə də yer ayrılır. Azərbaycanın qazandığı Zəfər böyük hərbi-siyasi nəticə olmaqla birgə, Türk dünyasının mənəvi birliyini gücləndirən tarixi dönüş nöqtəsi olaraq göstərilir. Müəllif Qafqazı Türk dünyasının strateji və mənəvi mərkəzlərindən biri kimi təqdim edir.
Məqalənin sonunda yer alan poetik vurğular isə yazının publisistik ritmini fəlsəfi-estetik qatla tamamlayır. Çuvaş türklərinin “Vardıq, varıq, var olacağıq!” anlamını daşıyan çağırışı və Xalq şairi Zəlimxan Yaqubun misraları vasitəsilə Türk dünyasının gələcəyinə, ideallarına inam ifadə olunur.
Əkbər Qoşalı uzun illərdir Türk dünyasının ictimai-mədəni bağlarının möhkəmlənməsi yönündə ardıcıl və məhsuldar fəaliyyət göstərir. Onun müxtəlif ölkələrdə yayımlanan publisistik və kulturoloji yazıları əsasən “ortaq keçmişdən ortaq gələcəyə” uzanan ulu yola həsr olunur. Türk xalqları arasında ədəbi-mədəni körpülərin qurulması, ortaq yaddaşın gücləndirilməsi və çağdaş türk düşüncəsinin yeni platformlarda təmsili istiqamətində onun fəaliyyəti geniş oxucu auditoriyasının diqqətini çəkir.