Hərbi ekspert: "İranın hərbi potensialı sıfıra yaxınlaşır, repressiyalar daha da şiddətlənə bilər"
"İran yəqin ki, bir neçə çətin mərhələdən keçəcək. Hesab etsək ki, müharibə bu gün bitib və tərəflər qələbə elan ediblər, bu 'toy-bayram' maksimum bir ay çəkəcək. Çünki real mənzərə tam başqadır: İranın hərbi potensialı kifayət qədər zəifləyib, hava müdafiə sistemi və hərbi donanması demək olar ki, sıfır dərəcəsinə enib. İllər boyu yetişdirilmiş zabit və general heyəti ciddi şəkildə azalıb."
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri "TV Musavat"ın canlı efirində hərbi ekspert Azad İsazadə deyib.
O bildirib ki, müharibənin başa çatmasından sonra ölkədə daxili siyasi böhran və idarəetmə uğrunda mübarizə kəskinləşəcək. Ekspertin sözlərinə görə, əsas problem hakimiyyətə kimin gələcəyi ilə bağlıdır. SEPAH-ın hakimiyyəti tam nəzarətə götürməyə çalışacağını istisna etməyən A.İsazadə, bunun nəticəsində onsuz da mövcud olan repressiv rejimin daha dəhşətli xarakter ala biləcəyini vurğulayıb.
Hərbi ekspert qeyd edib ki, tarixdə uduzulmuş müharibələrdən sonra zəifləmiş ölkələrdə inqilabların baş verməsi qaçılmaz olur. Lakin İranda baş verə biləcək mümkün inqilabın mütləq demokratik dəyişikliklərlə nəticələnəcəyi gözlənilmir:
"İnqilab nəticəsində hakimiyyətə mütləq deyil ki, demokratlar və ya islahatçılar gəlsin. Əksinə, bəzən konservatorlar gəlir və bir neçə ildən sonra daha sərt diktatura formalaşır."
A.İsazadənin fikrincə, hazırda İranı daha normal inkişaf yoluna çıxara biləcək yeganə real qüvvə ordudur. O bildirib ki, hazırda ölkə daxilində ciddi siyasi müxalifət yoxdur və mühacirətdə olan Rza Pəhləvi kimi fiqurlar hələ ki, real təsir gücünə malik deyillər. Ekspert əlavə edib ki, ordu hazırda susaraq öz şansını gözləyir və vaxtından əvvəl proseslərə müdaxilə etmək istəmir.
Ətraflı videoda: