Oqtay Şirəliyevin baldızı kimi təqdim edib, iş adamlarını aldadıb


İş adamlarını və ayrı-ayrı vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən Sabrina Süleymanovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Turkustan.az xəbər verir ki, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Hafiz Kamranovun sədrliyi ilə aparılacaq.

Sabrina Süleymanova Cinayət Məcəlləsinin 178.2.1-ci (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Bir müddət əvvəl mediada Azad Şükürov adlı vətəndaşın müraciət dərc olunub. Şikayətçi bildirib ki, əsas ixtisası müəllim olan Sabrina Süleymanova işədüzəltmə adı ilə adamları aldatmaqla, etibarlarından sui-istifadə etməklə peşəkarcasına məşğuldur. Bu məqsədlə paytaxtın Nərimanov metrostansiyası yaxınlığında ofis açıb.

Azad Şükürovun sözlərindən məlum olur ki, Sabrina Süleymanova bu əməlləri Laləzar Quliyeva adlı şəxslə birgə həyata keçirib. Bu şəxs özünü keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin baldızı kimi təqdim edirmiş.

Şikayətçi deyib ki, Sabrina Süleymanova və Laləzar Quliyeva onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəklərini vəd ediblər. Bunun müqabilində Azad Şükürovdan hissə-hissə 12 000 manat pul alınıb. Lakin onlar vədi yerinə yetirməyib.

Sabrina Süleymanovanın hazırki cinayət işi də 178.2.1-ci maddəsi ilə başlanıb. /qaynarinfo.az/


MANŞET XƏBƏRLƏRİ