Mikayılov buna görə həbs olunmayıb – İcra başçısının gizli xilaskarı ortaya çıxdı


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yenidən diqqət mərkəzindədir. Müavininin rüşvətə görə həbsindən sonra onun da vəzifədən uzaqlaşdırılacağı, hətta məsuliyyətə cəlb olunacağı barədə iddialar yayılsa da, sanki fırtınadan sağ çıxmağı bacarıb. Mətbuatda yayılan məlumatlara görə, Mikayılovun bu dəfəki “xilasının” arxasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dayanıb. Artıq bir neçə dəfədir adı korrupsiya qalmaqallarında hallansa da, o, hər dəfə olduğu kimi yenə vəzifəsini qorumağı bacarıb.

Müavini həbs olunan başçı necə toxunulmaz qala bilir?

Globalinfo.az-a danışan AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, burada təkcə korrupsiya və yeyinti faktları deyil, daha dərin səbəblər mövcuddur:

“Əgər ciddi şəkildə yanaşsaq, vəzifə səlahiyyətlərini aşan icra başçılarının 70-80 faizini bu maddə ilə həbs etmək mümkündür. Bunun üçün xüsusi əməliyyata da ehtiyac yoxdur. Rayon və şəhər icra başçılarının əksəriyyəti korrupsiya və yeyinti ilə məşğuldur. Sadəcə gücü, dayağı olanlar öz həbslərini gecikdirə bilir, məsuliyyəti başqalarının üzərinə atmağı bacarırlar”.

tural
Tural Abbaslı

Partiya sədrinin sözlərinə görə, Süleyman Mikayılovun birbaşa yeyintidə iştirakı sübuta yetirilməsə belə, onun siyasi məsuliyyəti var:

“Əgər əməkdaşların dövlət büdcəsini talayırsa, deməli, icra başçısı olaraq bu prosesə nəzarət edə bilməmisən. Bu halda, həbs olunmasa belə, o, tutduğu postdan istefa verməlidir. Çünki vəzifəsini icra edə, xalqın malını-mülkünü qoruya bilməyib. Amma sirr deyil ki, ölkəmizdə dayağı olanlar hətta həbs edilsələr belə, çox yüngül cəza alırlar, bəzən ev dustaqlığı ilə məsələ bağlanır. Sonradan da taladıqları əmlakı qaytarmaqla azadlığa çıxırlar. Akif Çovdarovu buna misal göstərmək olar”.

Vəkil Mehman Muradlı Süleyman Mikayılovla bağlı bəzi məqamlara aydınlıq gətirib:

mehman muradli
Mehman Muradlı

“O, illər əvvəl Dövlət Gömrük Komitəsində çalışıb. Mikayılovun icra başçısı vəzifəsinə təyin olunması Kəmaləddin Heydərovun dəstəyi ilə həyata keçirilib. Hazırkı vəziyyətin bu mərhələyə çatması və onun yenidən sözügedən məmura arxalanması tamamilə gözlənilən haldır”.

Qeyd edək ki, məhkəmənin qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.


MANŞET XƏBƏRLƏRİ