Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
I Yazı
Azərbaycan milli istiqlal hərəkatının başçısı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918), xalqımızın ölümsüz lideri Məmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Məmməd Əmin məşhur pedaqoq Sultan Məcid Qənizadənin (1866-1942) müdir olduğu ikinci rus-müsəlman məktəbində, sonra isə Bakı texniki məktəbində təhsil almışdır. Onun inqilabi fəaliyyətinin ilk illəri də bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olarkən Məmməd Əmin Rəsulzadə “Müsəlman gənclik təşkilatı“nı yaratmışdır.Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.Bir az sonra Müsəlman demokratik “Müsavat cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bir təşkilatın bir qolu Qacar Dövlətində (indiki İran) qurulmuş və burada məşrutə inqilabına istiqamət verən rəhbər qüvvəyə çevrilmişdir. Məmməd Əmin Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk şeiri “Şərqi-Rus” qəzetində (N-20,1903) çap olunmuşdur.
1904-cü ilin axırlarında Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP-nin Bakı Komitəsi nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkiatı yaradılmışdır.Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacinski (1875-1931) və Məmməd Əmin Rəsulzadə olmuşdur (“Bakinski raboçi” qəzeti, N-60, 18.III.1923). Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev və başqa sol yönümlü inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər.Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmiş, (1904-1905-ci illər,cəmi 6 nömrə) qəzetin əsas naşirlərindən biri Məmməd Əmin Rəsulzadə olmuşdur. Lakin bu qəzetin heç bir nömrəsi tapılmamışdır. 1906-cı ilin dekabrından qəzet “Təkamül” adı ilə çıxmağa başlamışdır. Həmin illər Bakı neft mədənlərinə və Azərbaycan qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə Məmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibiheybətdə dəfni günü, məzarı üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, Sultanməcid Əfəndiyev, İosif Vissarionoviç Stalinlə (1878-1953) birlikdə Məmməd Əmin Rəsulzadə də alovlu nitq söyləmişdir.Onu da qeyd etmək lazımdır ki, Məmməd Əmin Rəsulzadə əsrin əvvəllərindən 1907-ci ilin sonunadək Bakıda inqilabi fəaliyyət göstərən Stalinlə çox səmimi və yaxın dost olmuşdur.Hələ 1905-ci ildə Bakıdakı neft mədənlərində fəhlələri tətilə təhrik etdiyi üçün neft mədəni sahibləri Stalini neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran Məmməd Əmin Rəsulzadə onu ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur.İstanbulda çıxan “Dünya” qəzeti 1954-cü ildə Məmməd Əmin Rəsulzadənin “Stalin və inqilab” adlı silsilə xatirə-məqalələrini çap etmişdir. O, həmin yazıda da bu barədə söz açır (“Dünya”qəzeti, 23.V.1954).
Həmin dövrdə Əli bəy Hüseynzadənin (1864-1940) redaktor olduğu “Füyuzat”, həmçinin Əhməd bəy Ağaoğlunun (1869-1939) redaktorluğu ilə çıxan “İrşad” və Tərəqqi” qəzetlərində Məmməd Əmin Rəsulzadənin xeyli məqaləsi çap olunmuşdur.
Müəyyən müddət o, “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdur.Üzeyir Hacıbəyovun (1885-1948) 1907-ci ildə çapdan çıxmış “Türk-rus və rus-türk lüğəti” kitabının naşiri Məmməd Əmin Rəsulzadə idi.Yenə həmin ildə Rəsulzadə, A. Blümün “Fəhlə sinfinə hansı azadlıq lazımdır” (Xalq nümayəndəliyi haqqında) kitabını Azərbaycan türkcəsinə çevirmiş və “Təkamül” redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir.
Həmin dövrlərdə bolşeviklərin Rusiya İmperiyasının sərhədlərini saxlamaq, yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparan rus millətçiləri olduqlarını hiss eləyən Məmməd Əmin Rəsulzadə RSDFP-nın sıralarından uzaqlaşdı.
1908-ci il dekabrın 5-də Məmməd Əmin Rəsulzadənin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə “Azərbaycana muxtariyyət” fikrini yaymağa başlayaraq rus üsul-idarəsini,çarizm istibdadını yıxmağa çağırırdı.Bu pyes Azərbaycanda milli istiqlal hərəkatı ilə bağlı ilk dram əsəridir. Bundan başqa, Məmməd Əmin Rəsulzadənin həmin il yazdığı “Nagəhan bəla” adlı pyesi də vardır.
1908-ci ilin axırında Məmməd Əmin Rəsulzadə həbs olunmaq təhlükəsi qarşısında Bakını tərk edir və Qacar Dövlətinə (Dovlat-e Kadjar) yola düşür. O, Qacar Dövlətində (1785-1925) şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur.Məmməd Əmin Rəsulzadə Təbrizdə Səttarxanla və onun silahdaşları ilə görüşür, Güney Azərbaycanın şəhər və kəndlərini gəzir,öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir.Bu müşahidələr sonralar Məmməd Əmin Rəsulzadənin ədəbi yaradıcılığına təsirsiz qalmır.
Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup Qacar Dövləti ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqaları) ilə birlikdə 1910-cu ilin sentyabrında İran demokrat partiyasının əsasını qoyur.O,bu partiyanın əsas orqanı “İrane-nou”,həmçinin “İrane-Ahat” qəzetlərinin baş redaktoru olur.Bu dövrdə Qacar Dövləti rəsmən İran adlanmırdı.Böyük Britaniya tərəfinin dəstəyi ilə İran demokrat partiyası yaradılmış və İran adını daşıyan qəzetlər nəşr olunurdu. Səttərxan və Bağırxanın başçılıq etdiyi hərakat milli tələblərlə çıxış edən hərəkat deyildi. Monarxiyaya qarşı hərəkat kimi Qacar Dövlətinin sonlandırılması və tacik azlığının hakimiyyətə gətirilməsi üçün düşünülmüşdü. Həmin qəzetlərdə Məmməd Əmin Rəsulzadənin çoxlu şeir və məqaləsi dərc edilmişdir. O,Qacar Dövlətində Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur.Sonralar Seyid Həsən Tağızadə (1878-1969) Məmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq “Modern Avropa qəzet formasını ilk dəfə İrana (1935-ci ildə Qacar Dövləti rəsmən İran adlanmışdı) gətirən Məmməd Əmin Rəsulzadə olmuşdur”(“Süxən” jurnalı,Tehran,N-4,1955).
1910-cu ildə Qacar Dövlətində mürtəce “Etidaliyyun” (“Liberallar”) partiyası təşkil olundu. Bununla əlaqədar Məmməd Əmin Rəsulzadə 1910-cu ildə Tehranda farsca(tacikcə) “Tənqidi-firqeyi-etidaliyyun” adlı kitabını çap etdirmişdir.1911-ci ildə isə Ərdəbildə müəllifin farsca “Səadəti-bəşər” adlı kitabı nəşr olunmuşdur.
Çar hökuməti Qacar Dövlətindəki inqilabi hərəkatda bəzi liderlərin fəaliyyətindən qorxuya düşərək, onun əsas rəhbərlərindən biri olan Məmməd Əmin Rəsulzadəni ölkədən çıxarmaq üçün Qacar şahına təzyiq göstərir. Rus çarını narahat edən onun dövləti modernləşdirmək və qərb tipli dövlətə çevirmək tələbləri idi. Məmməd Əmin Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstanbula mühacirət edir. O, Osmanlı İmperiyasının (1299-1922) paytaxtında həmyerliləri Əli bəy Hüseynzadə (1864-1940) və Əhməd bəy Ağaoğlu (1869-1939) ilə görüşmüş, Kazanlı Yusif bəy Akçura (1876-1935), Ziya Gökalp (1876-1924) və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. Məmməd Əmin Rəsulzadə “Gənc türklər” təşkilatına rəğbət bəsləmiş, “Türk ocağı” cəmiyyətində çalışmış və onun əsas orqanı,1911-ci ilin noyabrından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal müəlliflərindən biri olmuşdur.Bu jurnalın səhifələrində onun bir neçə məqaləsi çap edilmişdir.Bu jurnalın səhifələrində onun bir neçə məqaləsi çap edilmişdir.Bunlardan “İran türkləri” (N-4,1911) məqaləsi xüsusi maraq doğurur. Həmin məqalədə müəllif türk oxucularına Güney Azərbaycanın və Qacar Dövlətinin ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir. “Azərbaycan” məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. Eyni zamanda qeyd olunurdu Qafqazda Quzey Azərbaycan da mövcuddur.Məmməd Əmin Rəsulzadə xeyli sonra-1918-ci il oktyabrın 13-də Bakıda çap olunan “Azərbaycan” qəzetində də bu məsələyə toxunur: “İslam xilafətinin mərkəzi İstanbulda Qafqaz,xüsusən Quzey Azərbaycan haqqında məlumatlar çox azdır”.
İstanbulda olarkən Məmməd Əmin Rəsulzadə görkəmli islam mütəfəkkiri Həmədanın Əsədabad kəndindən olan Şey Cəmaləddin Əfqaninin (1836-1897) “Vəhdəti-cinsiyə fəlsəfəsi”ni (“ Milli birlik fəlsəfəsi”ni) farscadan türkcəyə tərcümə edir,öz doğma xalqının məişətindən alınmış “Acı bir həyat” əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr edilir).
1913-cü ildə Romanovlar (1613-1917) sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra Məmməd Əmin Rəsulzadə vətənə qayıdır.O,hələ İstanbuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Məmməd Əmin Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan müsəlman demokratik “Müsavat” partiyasına daxil olmuş və tezliklə onun rəhbərinə çevilmişdir .Bu illərdə Məmməd Əmin Rəsulzadə ədəbi-publistik fəaliyyətini də davam etdirir.”Yeni lisançılar və türkçülər”məqaləsini, Təbriz həyatından bəhs edən “Bir xan” adlı kiçik hekayəsini, “Dil-ictimai bir əməldir” yazısını “Şəlalə” jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm proplem kimi qaldırır.Bundan başqa o, proletar ədibi M.Qorkinin “Ana” əsərindən bir parçanı Azərbaycan türkcəsinə çevirib çap etdirir.
Məmməd Əmin Rəsulzadə 1915-ci ilin avqustundan “Açıq söz” qəzetini nəşr edir ki,bu da əslində gizli fəaliyyət göstərən “Müsavat” partiyasının orqanı idi.
1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi. Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib dünyanın altıda bir hissəsinə çevrilmiş böyük Rusiya imperiyası dağılmağa üz qoydu. Əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu oyatdı. “Müsavat” həmin ilin martından açıq fəaliyyətə keçdi. Təxminən eyni vaxtda Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) rəhbərliyi altında “Türk ədəmi-mərkəziyyət (federalist) partiyası” fəaliyyətə başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün Gəncədə Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi.Bu mitinq “Yaşasın Demokratik Cümhuriyyət”, ”Yaşasın Azərbaycan muxtariyyəti”, “Yaşasın türk ədəmi-mərkəziyyət partiyası” şüarları altında keçirilmişdir.
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultayda Məmməd Əmin Rəsulzadənin təklifi ilə Rusiyanın federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı.Bu qurultayda “Azərbaycan qayəsi” yenidən ortaya atıldı. Mayda isə Moskvada Rusiya müsəlmanlarının qurultayı açıldı. Məmməd Əmin Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə Məmməd Əmin Rəsulzadənin “Türk-tatarlığ, Türküstan, Kazaxıstan,Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olan gələcək Rusiyanı federativ şəkildə qurmaq” barəsində təklifini qəbul etdi. O,həmin dövrdə özünün “Cəmaət idarəsi” və “Bizə hansı hökumət faydalıdır!” kitablarını çap etdirmişdir.Məmməd Əmin Rəsulzadənin Moskva qurultayındakı məruzəsi Əhməd Salikovun çıxışı ilə birlikdə “Şəkli-idarə haqqında iki baxış” adı altında həmin dövrdə çap olunmuşdur. Həmin ay Məmməd Əmin Rəsulzadənin redakktorluğu ilə “Qardaş köməyi” jurnalı çap olundu. Jurnalın təəssüf ki,bircə nömrəsi çıxdı.
1917-ci il iyunun ikinci yarısında “Müsəlman demokratik “Müsavat partiyası” ilə “Türk ədəmi-mərkəziyyət partiyası” birləşdi. “Türk ədəmi-mərkəziyyət partiyası” “Müsavat” adı altında çıxış etməyə başladı (“Açıq söz”,N-501,18.VI.1917). Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Kiyev, Tiflis, İrəvan, Daşkənd, Təbriz, Rəşt və İstanbulda təşkil olundu. Məmməd Əmin Rəsulzadə onu burjua xadimi kimi onu damğalamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılıq üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiya və Qərbi Avropada ali təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar! (Açıq söz,N-549,24.VIII.1917).Bunu da qeyd etmək lazımdır ki,onun “MƏR” , “MƏR-zadə”, “M. P.-zadə”,”Haman”, “Sosialist” və sairə kimi gizli imzalarla xeyli məqaləsi dövri mətbuat səhifələrində çap olunmuşdur.
1917-ci il oktayabrın 26-dan 31-nə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən “Türk ədəmi-mərkəziyyət partiyası” “Müsavat”ın birinci qurultayında Məmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında xalqımızın milli hərəkatı genişlənmiş,bu dövr isə xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.
1917-ci ilin payızında Məmməd Əmin Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir.
Ardı var.