“Tehran bu gün su ehtiyatlarında ciddi azalma ilə üzləşir və ehtiyatlarımız qorxulu vəziyyətdədir”.
Turkustan.az xəbər verir ki, İran prezidenti Pezeşkian Daxili İşlər Nazirliyində ölkə qubernatorları ilə görüşdə çıxış edib.
Pezeşkian Tehrandakı su probleminə də toxunaraq: "Tehran hazırda su ehtiyatlarında ciddi azalma ilə üz-üzədir və ehtiyatlarımız qorxulu vəziyyətdədir. İctimaiyyətlə koordinasiya olmadan bu böhrandan çıxmaq mümkün deyil. Ətraflı qiymətləndirmələr göstərir ki, su ehtiyatları tükənib və bu günə qədər ehtiyatlar düzgün idarə olunmayıb".
Pezeşkian mövcud vəziyyətin nə təbiəti, nə də başqalarını günahlandıra bilməyəcəyini vurğulayaraq, keçmiş yanlış mühakimələrin bu vəziyyətə gətirib çıxardığını bildirib. O deyib: "Bu gün biz islahat yolunu məsuliyyətlə və ehtiyatla davam etdirməliyik. Bizə həssas, elmi və gələcəyə hesablanmış idarəetmə lazımdır. Həm hökumət, həm də ictimaiyyət son dərəcə ehtiyatlı davranmalı və ölkəni su böhranından xilas etmək üçün bu milli prosesdə fəal iştirak etməlidir".
İranda davam edən quraqlıq səbəbindən bəndlərdə suyun səviyyəsinin aşağı düşdüyü bildirilib. Tehran Əyalətinin Su İdarəsi dünən bir bəyanat yayaraq, Tehranı təmin edən bəndlərdəki su anbarlarının son əsrin ən aşağı səviyyəsinə çatdığı barədə xəbərdarlıq edib və ictimaiyyəti suya qənaət etməyə çağırıb.
Aytən Yaşar/ Turkustan.az