Aynur Turan
“Əkinçi”dən düşən işıq müasir mediamızın yolunu aydınlandırır
Hər hansı ölkə ilə işgüzar, iqtisadi münasibətlər qurmazdan əvvəl onun hansı dəyərlərə sahib olduğunu anlamağa çalışırsan. Maddi dəyərlərini araşdırmazdan əvvəl həmin ölkənin milli-mənəvi dəyərlərini qiymətləndirirsən. Hər dəfə də əmin olursan ki, maddi dəyərlər yalnız tutarlı, zəngin ənənəli milli-mənəvi dəyərlər mövcud olduğu halda mümkündür. Əsrlər boyunca Azərbaycanın müdrik oğulları qeyri-maddi, mənəvi dəyərlərin yaradılması üçün yorulmadan, əzmlə çalışıb. Bu gün müasir cəmiyyəti mətbuatsız, mədəniyyətsiz, təhsilsiz, iqtisadi və siyasi nailiyyətlər olmadan təsəvvür etmirik.
Klassiklərimiz mətbuatı insanların ruhunu təzələyən səhər mehi, cəmiyyətin hərəkətverici qüvvələrindən biri, dövrün aynası, xalqın görən gözü, eşidən qulağı və s. epitetlərlə təqdim və təqdir etmişlər. Doğrudan da ümummilli mədəniyyətin tərkib hissəsi olan mətbuat mənsub olduğu xalqın həyata baxışlarını, məişət və yaşayış tərzini, ictimai-mədəni proseslərə sosial-psixoloji münasibətini özündə əks etdirən, eyni zamanda onun hər hansı məsələyə münasibətinin formalaşmasında əhəmiyyətli rol oynayan bir vasitədir. Ona görə mətbuatın elmi-nəzəri, metodiki və təcrübi baxımdan dərki və inkişaf mərhələlərinin şəhri də diqqət mərkəzində olmuş, bu barədə şeir, məqalə və kitablar yazılmış, bir-birindən maraqlı fikirlər söylənmişdir. İş elə gətirmişdir ki, mətbuata, onun əhəmiyyətinə dair ilk qiymət verib fikir söyləyən qələm əhli də elə şair, yazıçı və publisistlər olmuşlar. Milli mətbuat tariximizin keçdiyi yolu araşdıran, onun ümumi mənzərəsini canlandırmağa çalışmaq təşəbbüsü ilə qələmə sarılanlar da mətbuat və ədəbiyyat xadimləri olmuşlar. F.Köçərli, Ə.Ağayev, M.Şaxtaxtlı, M.B.Məhəmmədzadə və başqaları bu qəbildəndir.
Azərbaycan mətbuatının keçdiyi tarixi yol yaş etibarilə o qədər də böyük deyil. Lakin bu yolun şərəf, ləyaqət yolu olduğu heç kimdə şübhə doğurmur. Mətbuatımızın keçdiyi tarixi yol xalqımızın qürur mənbəyidir. Milli inqilabın yeni mərhələsini təmsil edən “Əkinçi” qəzetinin başlanğıcını qoyduğu bu yol neçə-neçə mətbu və ədəbi məktəbin formalaşma prosesinə təkan verdi, xalqın kamilləşməsinə, maariflənməsinə, milli-azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərdi. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bərkiyib formalaşmış Azərbaycan mətbuatı xalqa, cəmiyyətə, insana xidmət borcunu şərəflə yerinə yetirdi. Təbiətşünas alim, yorulmaz maarifpərvər Həsən bəy Zərdabi həmin qəzeti – “Əkinçi” ni nəşr etdirməklə Azərbaycan demokratik mətbuatının bünövrəsini qoydu və “Əkinçi” Azərbaycanda ictimai fikrin canlanmasına təkan verdi. H.Zərdabi nəşr etdirdiyi qəzetin adını “Əkinçi” qoysa da, orada qabaqcıl mütərəqqi ideyalar təbliğ olunurdu. Azərbaycan xalqının ana dilində oxuması çox əlamətdar bir hadisə idi. “Əkinçi” də öz növbəsində ana dilinin saflığı, zənginləşməsi uğrunda mübarizə aparırdı. Həsən bəy Zərdabi öz həyatı boyu, eləcə də qəzetin səhifələrindəki yazı ilə xalqa fayda verən işlərlə məşğul olmağı əsas vəzifə hesab edir, Azərbaycanda peşəkar teatrın bünövrəsini qoymaq, xeyriyyə cəmiyyətini açmaq Bakı Realnı Məktəbində müəllimlik və maarifçiliyi inkişaf etdirmək və s. ilə məşğul olurdu. O, əməkçi xalqa, onun tərəqqisinə və mübarizəsinə xidmət edən, zülmə, haqsızlığa, rəzalətə qarşı və ümumiyyətlə, xalqı cəhalətdə saxlayan, onun inkişafına maneəçilik törədən hər bir şeyə qarşı mübarizə aparan mətbuatın tərəfdarı idi. XIX əsr Azərbaycan ictimai fikri, mətbuatı, ədəbiyyatı və dilinin, həmçinin təbiətşünaslıq elminin tarixini öyrənmək üçün “Əkinçi” çox böyük və mühüm bir mənbə idi. Qəzetin “Daxiliyyə”, “Elm xəbərləri”, “Mətbuat”, “Əkin və ziraət xəbərləri” və “Əfhali-əhli-dehat” bölmələrində faktlara əsaslanan çox qiymətli yazılar dərc olunurdu. Həsən bəy müxtəlif rublikalar altında verilən qəzet materiallarında özünün və əqidə dostlarının S.Ə.Şirvani, Əlimədəd Abdullahzadə, Məmnun Əlqədari, Əhsənül-Qəvaid, Məhbus Dərbəndi, N.B.Vəzirov, Əsgər ağa Gorani və başqalarının mütərəqqi fikirlərini yayır və məqsədinə nail olmaq üçün müxtəlif formalardan bacarıqla istifadə edirdi. Hər bir sahədən oxuculara bilik və məlumat verməyə, həmvətənlərində savad ehtiyatı yaratmağa səy göstərirdi. “Əkinçi” yə nəzər salarkən onun ictimai, iqtisadi, elmi, mədəni işi sırf əməli və maarifləndirici işlə bir yerdə paralel surətdə aparılmasının canlı şahidi oluruq. Qəzetin səhifələrində dərc olunan yazıların əksəriyyətində yeni tipli mədəniyyət yaradılması məsələləri – qədim ədəbiyyat, incəsənət, dil, pedaqogika, dərslik, tərcümə, kitab nəşri, kitabxana, məktəb və s. əsas yerlərdən birini tuturdu. Eyni zamanda kiçikyaşlı məktəb uşaqlarına dərslik əvəzinə “Leyli və Məcnun”, “Min bir gecə”, “Pişik və siçan” kimi əsərlərlə onların mütaliə dairəsinin məhdudlaşdırılması məzəmmət və tənqid edilirdi. Qəzet pedaqoji meyillərin təbliği ilə yanaşı məktəb, təlim-tərbiyə məsəlləri ətrafında mübahisə və müzakirələrindən də çəkinməmişdir. H.Zərdabi 1876-cı ildə dərc etdirdiyi bir məqaləsində Bakıda klub açmaq, qiraət üçün kitab və qəzet gətirmək, Azərbaycan dilində elmi kitablar hazırlayıb çap etmək məqsədilə xüsusi bir cəmiyyət düzəldilməsi məsələsini irəli sürmüşdür. “Elmi xəbərlər” bölməsində dərc olunan yazılar, əsasən maarifləndirici məqsəd daşıyırdı. O zaman Bakıya gəlmiş bir fransız jurnalisti H.Zərdabi ilə söhbətində belə demişdi: “Doğrusu, siz əsl qəhrəmansınız! Bizim Fransada belə bir yoxsul qəzet üçün işləmək istəyən adam tapmaq olmazdı. Sizin qüvvətinizə heyran edirəm. Belə məlum olur ki, siz öz xalqınızı çox istəyirsiniz”. Zərdabi “Əkinçi” vasitəsilə Azərbaycan ellərinə maarif işığı saçacağı günləri düşünür və bu məqsədlə yorulmadan çalışırdı. Bununla bağlı suallara isə “at ölüncə otlar” deyə cavab verirdi.
Bu gün ölkədə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onların bir hissəsi daimi olaraq nəşr olunur. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət başçısına təqdim edilib.
Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar – vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə bir sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata– Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Azərbaycan milli mətbuatının ilk qaranquşu – Əkinçi
Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatın yaranması zərurətini doğurmuşdur. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi” qəzetində N.Vəzirovun, Ə.Goraninin Moskvadan, M.Ə.Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və M.F.Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunmuşdur. Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi. İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu N.Vəzirov köhnə şeirlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraq insanlar yerbəyerdən “Əkinçi” nin üzərinə hucuma keçdilər. 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan “Əkinçi” realist Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi. “Əkinçi” qəzeti bağlandıqdan sonra çar hökuməti üçün “təhlükəli” hesab edilən Zərdabinin Bakıda qalması lazım bilinmirdi. Bu məqsədlə Həsən bəy Yekaterinodar Şəhər Gimnaziyasına müəllim göndərmək adı ilə 1878-ci ildə Bakı real gimnaziyasındakı işindən–müəllimlikdən azad edildi. İki ilədək bir müddət ərzində işsiz qalan millət fədaisi Bakı şəhərində hara müraciət edirsə onu heç bir yerdə işə qəbul etmirdilər. Nəhayət, 1880-ci ildə ailəsi ilə birgə, doğulub boya-başa çatdığı Zərdab kəndinə köçmüş və 16 il burada həyat sürmək məcburiyyətində qalmışdır. O, Zərdabda kənd təsərrüfatı sahəsində kəndlilərə məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq, o yenə də mətbuatda fəal iştirak edirdi. 1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.
H.Zərdabi 1875-ci ildə “Əkinçi” qəzetinin 1,4,8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il “Kaspi” qəzetinin 172-ci sayında tоrpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermişdir, tоrpağın xışla deyil, kоtanla şumlanmasını təklif etmişdir. Həyatının son illərində Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də o olmuşdur. Gərgin elmi fəaliyyətlə məşğul olan Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmışdır. 1957-ci ildə H.Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Təbiət Tarixi Muzeyi Həsən bəy Zərdabinin adını daşıyır.
Sözdən başlanan dünya
Deyirlər ki, mətbuat güzgüdür, cəmiyyətin güzgüsü. Cəmiyyət hansı səviyyədədirsə, mətbuat da o səviyyədədir. Ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycanda elə ilk dövrlərdən başlayaraq müstəqil mətbuat formalaşmağa başlamışdı. Sözsüz ki, o dövrün ağır ictimai-siyasi və iqtisadi durumu mətbuata da öz təsirini göstərirdi. Söz və fikir azadlığının hər addımda boğulması, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması da həmin dövrün xarakterik cəhətlərindən idi.
Uzun müddət Zaqafqaziyanın inzibati və mədəni mərkəzinin Tiflis şəhəri olması mətbuat və ədəbiyyata da öz təsirini göstərmişdir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq “Tiflisskiye vedomosti”, “Zakavkazski vestnik”, “Kavkaz”, “Novoye obozreniye” və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu.
“Tiflisskiye vedomosti” Qafqazda rus dilində çıxan ilk qəzet idi. Bu qəzetdə dekabristlərin iştirakı, qəzetin redaktor müavini V.D.Suxorukovun 14 dekabr hadisələri ilə sıx əlaqədar olması və s. haqqında məlumatlar vardır. Rus-Azərbaycan ədəbi əlaqələri haqqında maraqlı tədqiqatlar aparan alimlər “Tiflisskiye vedomosti” qəzeti haqqında da yeri gəldikcə bəhs etmişlər. “Tiflisskiye vedomosti” qəzetinin bəzi məqalələri mərkəzi qəzetlərdə yenidən dərc edilirdi. Bu qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə fars dilində, 1832-ci ildə isə Azərbaycan dilində də buraxılmışdır. Azərbaycanca qəzetin adı “Tiflis əxbarı” idi.
1877-1878-ci illər Rus-Türk müharibəsi başlanan zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Rusiya hökumətinin göstərişi ilə 1877-ci ilin sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən xitam verilmişdi. Bundan sonra “Ziya”, “Kəşkül” qəzetləri işıq üzü gördü. “Kəşkül”, “Əkinçi” ilə “Ziya” arasında orta bir mövqe tutmuşdu, lakin “Əkinçi” yə daha artıq dərəcədə meyli hiss edilirdi. Ziyalıların şüurunda “Azərbaycan milləti” məfhumunun oyanması “Kəşkül” dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, “din” və “millət” məfhumları ayrı-ayrı şeylərdir. “Kəşkül” qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərmiş və ictimai-siyasi şüurun inkişafına kömək etmişdir. “Kəşkül” Azərbaycan millətinin inkişafı və başqa millətlərlə dostluq əlaqələrini möhkəmlətməsi haqqında da müsbət səciyyə daşıyan məqalələr verirdi. Bu məqalələrin bir çoxu mövzusu, ideya istiqaməti, dili və üslubu, ehtiraslılığı ilə fərqlənirdi.
1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbuat orqanı fəaliyyət göstərmişdir. Bunun 20-si rus dilində, 15-i gürcü dilində, 15-i erməni dilində, 3-ü Azərbaycan dilində idi. Əgər ayrı-ayrı elmi cəmiyyətlərin, idarə və təşkilatların rəsmi nəşrlərini də nəzərə alsaq, həmin rəqəm 69-a çatar. Həmin mətbuat orqanlarının bir çoxunun ömrü lap az olmuşdur. Cəmi 23 mətbuat orqanı 5 ildən yuxarı yaşaya bilmişdir. Bunlardan rus nəşrləri aşağıdakılardır: “Qafqaz”, “Tiflisski vestnik”, “Tiflisskiye obyavleniya”, (Tiflisski listok), “Kaspi”, “Yuridiçeskoe obozrenie”, “Bakinskiye izvestiya”, (Bakinski torqovo-promışlennı listok) və “Severnı Kavkaz”.
Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən “Molla Nəsrəddin” jurnalıdır. Jurnalın redaktoru Mirzə Cəlilin əsas qayəsi milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. “Molla Nəsrəddin” bu amallar uğrunda mübarizə fonunda yaranmışdı. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı. Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsi idi. Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə “Molla Nəsrəddin” adı dillərdə gəzməyə başladı. Nəticədə jurnalın 2-ci nömrəsi 2.000 nüsxə tirajla çıxarıldı.
C.Məmmədquluzadə senzor tərəfindən jurnalda nəşr olunmasına icazə verilməyən şəkillərin və ya materialların yerini ağ saxlayır və yaxud “Bizdən asılı olmayan səbəblərə görə bu yer ağ qaldı” deyə yazırdı.
“Molla Nəsrəddin” in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci il iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi. Bu hadisə xalqın böyük narazılığına səbəb oldu. Bakıdan, Şəkidən, Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi. Qısa fasilədən sonra jurnalın 23-cü nömrəsi iyulun 25-də çıxdı. 1908-1909-cu illərdə bir neçə dəfə “Molla Nəsrəddin” jurnalını bağlamağa təşəbbüslər edilmişdir.
1920-ci ildə C.Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana getmişdir. 1921-ci ilin fevralında o, jurnalın nəşrini Təbrizdə yenidən bərpa etmişdir. Təbrizdə “Molla Nəsrəddin” jurnalının 8 nömrəsi çıxmışdır. Sovet hökumətinin təşəbbüsü ilə bu yolla nəşri 1922-ci ilin noyabrında Bakı şəhərinə köçürülmüş və jurnal 1931-ci ilə qədər burada çıxmışdır. Jurnalın sonuncu nömrəsi 1931-ci il yanvarın 7-də buraxılmışdır.
1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunmuşdur. Azərbaycan dilində “Bakı Fəhlə Konfransının Əxbarı”, “Azərbaycan gəncləri”, “Hürriyyət”, “Haqq”, “Füqəra sədası”, “Zəhmət sədası”, “Oktyabr inqilabı”, “Gənc işçi”, “Azərbaycan füqərası”, rus dilində “Nabat”, “Molot”, “Proletari”, “Raboçi put”, “Qolos truda”, “Bednota”, “Molodoy raboçi”, “Novı mir” və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Doğrudur, bu qəzetlərin ömrü çox az olmuş, bəzilərinin cəmi bir və ya bir neçə nömrəsi çıxmışdır. “Kommunist” qəzeti “Hümmət’’, “Qoç-Dəvət”, “Təkamül”, “Yoldaş”, “Hümmət” (1917-1918-ci il-lər), “Bakı Şurasının Əxbarı” kimi bolşevik qəzetlərinin davamçısı olaraq meydana atıldı. “Kommunist” 1919-cu il avqustun 29-da həyata gəldi. Azərbaycan bolşevikləri “Kommunist”i hökumət orqanlarından xəbərsiz, gizli buraxmışdılar. “Kommunist” in 1919-cu il gizli çıxan nömrəsini R.Axundov redaktə etmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə “Kommunist” leqal şəkildə öz nəşrinə başladı.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində “Kommunist” və “Bakinski raboçi” qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakıda “Kəndçi qəzetəsi” nin birinci nömrəsi çapdan çıxdı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi 1923-cü il iyulun 2-də Bakıda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan “Şərq qadını” nın nəşr olunmasını qərara aldı. “Şərq qadını” jurnalının 1-ci nömrəsi 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxmışdır. Jurnalın ilk redaktoru Ayna Sultanova olmuşdur. 1938-ci ildən “Şərq qadını”, “Azərbaycan qadını” adı ilə nəşr olunmağa başlayıb.
1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransı çağırılmışdı. Konfransın keçirildiyi gün bir dəstə fəal məktəbli üzərində “Pioner” sözü yazılmış 28 səhifəlik jurnal hazırlamışdı. Uşaqların xətti ilə yazılmış cəmi 50 nüsxə jurnal konfrans iştirakçılarının çox xoşuna gəldi. Həmin nüsxələr “Pioner” jurnalının ilk qaranquşu oldu.
1934-cü il sentyabrın 2-də “Kommunist maarifi” qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. 1946-cı ilin aprelindən “Azərbaycan müəllimi” adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla yaşadı.
İdman mətbuatımızın ən böyük tarixə malik nəşri olan “İdman” qəzeti həm də Azərbaycan mətbuatının ən qocamanlarından biri sayılır. 1932-ci ildə ilk dəfə “Azərbaycan bədən tərbiyəçisi” (Fizkulturnik Azerbaydjana) adı altında işıq üzü görmüş “İdman” qəzetinin artıq 70 - dən çox yaşı var.
Sonrakı illərdə “Ədəbiyyat” (1933), “Azərbaycan pioneri” (1938), “Kirpi” jurnalı (1952), “Bakı” (1958) və s. qəzetləri meydana gəlmişdir.
“Molla Nəsrəddin” in Tiflisdə 370 nömrəsi, Təbrizdə 8 nömrəsi və Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda 398 nömrəsi çıxmışdır. “Mola Nəsrəddin” çap edilib yayıldıqdan sonra onun təsiri altında Qafqazda, Orta Asiyada, Volqa-boyunda, İranda və İran Azərbaycanında, Dağıstanda və başqa yerlərdə bir sıra satirik və yumoristik jurnallar çıxmışdır. Bu jurnalların bir çoxu “Molla Nəsrəddin”in layiqli ardıcılları olmuş, inqilabi-demokratik ideyaları yaymışdır. Bəzi satirik jurnallar isə liberal görüşlərdən irəli getməmiş, aşağı səviyyədə çıxmışdır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaqdır. Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün–22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqan Ədliyyə Nazirliyində (ƏN) qeydiyyatdan keçib.