Yeni dövr jurnalistikasının əsas PROBLEMLƏRİ - Baş redaktordan vacib AÇIQLAMA


Yeni dövrdə jurnalistika peşəsi əvvəlkindən daha mürəkkəb və tələbkardır.

İnformasiya axınının sürətlənməsi və qlobal xarakter alması jurnalistlərin fəaliyyət sahəsini genişləndirib və onların peşəkarlıq səviyyəsini yüksəltməyi zəruri edir.

Eyni zamanda, oxucu və izləyicilərin informasiya mənbələrinə münasibəti media mühitinin formalaşmasına ciddi təsir göstərir.

Gununsesi.info-ya danışan “Türküstan” Media Qrupunun rəhbəri jurnalist Aqil Camal vurğulayıb ki, yeni dövr jurnalistikasının əsas problemlərindən biri bilgi çatışmazlığıdır:

“Hətta jurnalistika fakultəsini bitirmiş gənc jurnalistlər özlərini ali təhsilli və ixtisaslı hesab edir, istənilən yerdə çalışa biləcəklərini düşünürlər. Amma artıq ilk andan aydın olur ki, gündəlik media fəaliyyəti və peşəkar jurnalistika ilə məşğul olmaq üçün tələb olunan ensiklopedik biliklərin – ölkə, bölgə, dünya və müxtəlif sahələrlə bağlı məlumatların, xronologiyanın izlənilməməsi, həmçinin məşhur və tanınmış ixtisaslı şəxslərin tanınmaması iş prosesində ciddi problemlər yaradır.

Bəzən görürük ki, bir-iki il və daha artıq müddət media sahəsində çalışan bəzi jurnalistlər hələ də bilgi çatışmazlığı ilə üzləşirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, bir çox gənc jurnalistlər saat 18:00-dan sonra işlərinin bitdiyini düşünür, yalnız növbəti iş gününün saatlarında fəaliyyət göstərməyə başlayırlar. Halbuki jurnalistika peşəsi, xüsusilə informasiya axınının intensiv və hadisələrin gərgin olduğu indiki dövrdə yalnız iş saatları ilə məhdudlaşmamalıdır.

Bu gün jurnalist ölkəmizdə, regionda və dünyada baş verən prosesləri xronoloji ardıcıllıqla izləməli və mənimsəməlidir. Bu isə jurnalistin, 50 il əvvəlki həmkarlarından fərqli olaraq, daha ağır və məsuliyyətli bir iş yükü daşıdığını göstərir. Çünki bu gün informasiya axını təkcə bir ölkənin sərhədləri ilə məhdudlaşmır; media fəaliyyəti artıq qlobal xarakter daşıyır.

Bu səbəbdən uğurlu olmaq istəyən jurnalist mütləq şəkildə ölkədə gedən ictimai-siyasi və iqtisadi prosesləri, rəsmi xəbərləri və görüşləri, həmçinin dünyadakı iqtisadi məsələləri, geosiyasi prosesləri, münaqişələri və onların gedişatını diqqətlə izləməlidir ki, gündəlik fəaliyyətində hər hansı axsamalar və bilgi çatışmazlığı hiss olunmaz”.

Aqil Camal qeyd edib ki, bu gün oxucu və ya izləyici informasiyanı haradan aldığının fərqində olmur.

“Bu gün insanlar kütləvi şəkildə sosial şəbəkələrdən istifadə edirlər və sıravi vətəndaşların çəkib paylaşdıqları, yazdıqları məlumatları informasiya kimi qəbul edib yayırlar. Onlar həmin məlumatların nə dərəcədə etibarlı və mötəbər olduğuna isə əksər hallarda diqqət yetirmirlər. Nəticədə isə bu vəziyyətin mənfi təsirini daha çox peşəkar media qurumları hiss edir və onun ağırlığı da məhz medianın üzərinə düşür.

Çünki insanlar tez-tez mediadan şikayətlənirlər. Mən isə hər zaman bildirirəm ki, Azərbaycanda ənənəvi mediaya — istər qəzetlərə, istər televiziyalara, istərsə də aparıcı xəbər saytlarına nəzər salsaq, görərik ki, bu media resurslarında mümkün qədər məsuliyyət və ciddiyyət qorunur. Peşəkarlıq prinsiplərinə riayət olunur və informasiyaların dəqiqləşdirilməsinə xüsusi diqqət yetirilir.

Çünki bir çox hallarda yayılan yanlış informasiyalar hüquqi məsuliyyət doğura bilər. Bu baxımdan, sosial şəbəkələrin formalaşdırdığı və insanlarda yaratdığı mənfi təəssüratlar tez-tez medianın məsuliyyəti və peşəkarlığı ilə əlaqələndirilir, nəticədə ümumi ittihamlar məhz medianın üzərinə yönəlir. Ona görə də çox istərdim ki, sosial şəbəkə istifadəçiləri informasiya qəbul edərkən, onun mənbəyinin media resursu olub-olmadığına xüsusi diqqət yetirsinlər”.


MANŞET XƏBƏRLƏRİ