İrana HÜCUM tarixi bilindi - İnanaqmı?


İrana qarşı hərbi əməliyyat qaçılmazdır. Bu barədə ABŞ-ın yüksək vəzifəli rəsmiləri bildiriblər: "Hücum baş verəcək, bu yalnız zaman məsələsidir. ABŞ hərəkətə hazırdır". Məlumata görə, İsrail ordusu ABŞ-ın hər hansı bir hücumu halında potensial İran cavab zərbəsinə qarşı durmaq üçün yüksək hazırlıq vəziyyətindədir.

Bu fonda ABŞ Yaxın Şərqdə öz zərbə qüvvəsini sürətlə artırır. USS Abraham Lincoln (CVN-72) təyyarədaşıyan gəmisi yanvarın 25-də ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatması gözlənilir. Beləliklə, yanvarın 25-dən etibarən rəsmi Vaşinqton Tehrana zərbə endirmək üçün tam hazır vəziyyətdə olacaq.

Siyasi şərhçi Fikrət Fəraməzoğlu Musavat.com-a bildirib ki, ABŞ-ın İrana birbaşa hərbi müdaxilə edib-etməyəcəyi dəqiq məlum deyil: "Gedişat bunun real ola biləcəyini deyir. Lakin dəqiq tarix söyləmək üçün hələ tezdir. Nəzərə alaq ki, ABŞ-ın İrana hücum təşkil etməsi üçün bir sıra önləyici addım atması lazımdır. Məsələn, İranın bu gün əlində ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını vura biləcək raketləri var. Eyni zamanda, İsraili də vura biləcək ballistik raketləri mövcuddur. Belə olan halda, ABŞ ilk növbədə əsas müttəfiqlərini və hərbi bazalarını qorumalıdır. Bundan başqa, İran İraq və ya Venesuela deyil. Ərazi baxımından böyük olmaqla yanaşı, həm də ciddi hərbi imkanlara malikdir. Bu səbəbdən də təkcə İraq və Qətərdəki hərbi bazalardan istifadə yetərli olmaya bilər. Bunun üçün okeandakı əsas qüvvələri də səfərbər etmək lazımdır. Bu gün ABŞ-ın iri hərbi gəmilərini Fars körfəzinə yönləndirməsi də buna işarədir. Digər tərəfdən, ABŞ İranda quru əməliyyatı apara bilməyəcək. İrandakı molla rejimi hər nə qədər xalq tərəfindən dəstəklənməsə də, tərəfdarları az da deyil. Bu tərəfdarların içində fanatiklər də var. Bir də bunun üzərində hərbi resursları da əlavə etmək lazımdır”.

Picture background

Ekspert deyib ki, İran ərazi baxımından kifayət qədər böyükdür: “Relyef baxımından da çox fərqlidir. Bu bölgədə açıq quru əməliyyatları keçirmək heç də asan deyil. Bəzi hərbçilərin yanaşması budur ki, İranda tammiqyaslı quru əməliyyatı üçün ən azı 5 milyon əsgər lazımdır. Bir sözlə, ABŞ bütün bu hesablamaları aparmadan İrana hücum etməyəcək. Bu şərtlərin yerinə gəlməsi, hərbi qüvvələrin dislokasiyası, habelə yerləşmələr tam həyata keçirilməlidir ki, əminliklə hücuma start verilsin. Ona görə də, indidən filan tarixdə hücum ediləcək yanaşması səhvdir. Yekunda bir şeyi də qeyd edim ki, əgər bir ölkə başqa bir ölkəyə hər hansı hərbi müdaxilə edəcəksə, bunun üçün konkret planı olduğu kimi, tarix də müəyyənləşdirir. Lakin həmin tarix məxfi saxlanılır. Yəni heç bir dövlət başqa bir dövlətə demir ki, hazırlaş filan gün sənə hücum edəcəm. Qərb mediasının yaydığı tarixlər isə özlərinin təxminləri və ya hansısa hərbi ekspertin gəldiyi qənaətdən başqa bir şey deyil. Bəlli olan yalnız odur ki, ABŞ İrana hücum edəcək. Lakin tarix məsələsini yalnız hərbi komandanlıq bilir".


MANŞET XƏBƏRLƏRİ