Rusiya Prezidenti Vladimir Putin uzunömürlülük və qocalmanın qarşısının alınması sahəsində araşdırmaları dövlətin əsas elmi prioritetlərindən birinə çevirib.
Turkustan.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət 2024-cü ildə rəsmi şəkildə təqdim olunan və dəyəri təxminən 26 milyard dollar olan “New Health Preservation Technologies” proqramından gedir.
Məqalə müəllifi Boyan Pançevski xatırladır ki, ötən ilin sentyabrında Pekində keçirilən parad zamanı mikrofonlar Putinin Çin lideri Si Cinpinlə orqan transplantasiyası hesabına ömrün uzadılması barədə söhbətini qeydə almışdı. O zaman bu dialoq qəribə görünsə də, nəşr yazır ki, Putin faktiki olaraq artıq Kremlin həyata keçirdiyi layihədən danışırmış.
WSJ-nin məlumatına görə, proqram çərçivəsində gen terapiyası, canlı toxumaların 3D bioprinti, mini donuzlardan istifadə etməklə transplantasiya üçün orqan yetişdirilməsi və ömrün uzadılmasına yönəlmiş digər texnologiyalar hazırlanır.
Rusiya rəsmiləri bildirirlər ki, proqramın məqsədi 2030-cu ilə qədər 175 min insanın həyatını xilas etməkdir./modern.az