Paşinyan Türkiyəyə niyə gedir? – Azərbaycanla bağlı şok detal!


Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan Baş nazir Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə səfər edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, bu səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq. Simonyan həmçinin Zəngəzur dəhlizi məsələsinə toxunaraq bildirib ki, bu termin artıq unudulmalı, sadəcə yolun açılması ilə bağlı texniki məsələlər gündəmdə saxlanmalıdır.

Regionda sürətlə dəyişən siyasi dinamik fonunda bu səfər xüsusi diqqət çəkir.

Paşinyanın Ankaraya səfəri hansı məqsədləri daşıyır? Ərdoğanın bu dəvətində hansı siyasi niyyətlər gizlənir? Və ən əsası, bu proses Azərbaycanın maraqlarına xidmət edir, yoxsa yeni reallıqlar yaradır?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, Nikol Paşinyanın Türkiyəyə səfəri çərçivəsində regional məsələlər, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətləri müzakirə olunacaq:

“Ermənistan Türkiyə ilə sərhədləri açaraq ticarət əlaqələrini genişləndirmək istəyir. Türkiyə onun yaxın qonşusudur. Bu səfər Paşinyanın tarixi səfəri kimi qiymətləndirilir. İlk dəfə bu səviyyədə yüksək ranqlı bir Ermənistan rəsmisi Türkiyəyə səfər edir. Qondarma erməni soyqırımı iddialarından sonra Türkiyə-Ermənistan münasibətləri uzun müddət gərgin olub. Lakin Nikol Paşinyan “real Ermənistan” qurmaq niyyətindədir. O, saxta tarixə əsaslanmadan qonşularla münasibətləri normallaşdırmağa çalışır.

elsad hesenov esas 1
Elşad Həsənov

Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində atılacaq addımlar da Türkiyə Prezidenti ilə müzakirə olunacaq. İstisna deyil ki, Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin məhz Türkiyədə imzalanması təklifi də gündəmə gələ bilər.

İranın mövqeyindən asılı olmayaraq, Zəngəzur dəhlizinin açılması da gözləniləndir. Bu prosesin yaxın zamanlarda baş tutacağı ehtimal olunur”.


MANŞET XƏBƏRLƏRİ