İranda hakimiyyətə onu gətirmək istəyirlər – “Ən böyük risk…”


İrana hücumların başladığı ilk gündən etibarən sonuncu şah Rza Pəhləvinin ailəsi diqqət mərkəzindədir. ABŞ-da yaşadığı bildirilən və İsraillə yaxşı əlaqələri olan Pəhləvi ailəsinin Tehrandakı mövcud rejimin əleyhinə çağırışları birmənalı qarşılanmır. İddialara görə, bəzi xarici qüvvələr İranda dini rejimdən əvvəlki idarəetmə sisteminin bərpa olunmasını və Pəhləvi ailəsinin hakimiyyətə qayıtmasını istəyirlər.

Bu, nə dərəcədə realdır? Pəhləvilər İranda hakimiyyətə gələ bilərmi?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rza Pəhləvinin adı son günlərdə çox hallanır və bu, doğrudan da diqqət çəkir:

“Hətta onu mövcud İran hakimiyyətinə alternativ kimi görənlər var. Özü də atasının hakimiyyətini bərpa etməyə çalışır və bunu açıq şəkildə bəyan edir.

Pəhləvi rejimi devrilsə də, böyük sərvətə sahibdir. Bu isə onlara əlavə güc verir. Qərbdə kifayət qədər güclü əlaqələri var. Üstəlik, Pəhləvi ailəsinin əlində nüfuzlu media subyektləri də mövcuddur. İran hakimiyyəti də Pəhləvilərin bu gücünün fərqindədir”.

elxan sahinoglu 3

Politoloq qeyd edib ki, ən böyük risk İranda şah ailəsinə pərəstiş edən qüvvələrin olmasıdır:

“Bununla belə, onun yenidən hakimiyyətə gəlməsi asan məsələ deyil. Çünki İranda onu sevməyən, atasının dövründəki zülmü görmüş və bu ağrı-acını hələ də yaşayan qruplar da var.

Mövcud vəziyyətdə Pəhləvi ailəsi İran üçün birbaşa təhlükə deyil, ancaq rejim dəyişərsə və ya buna səbəb olacaq hadisələr baş verərsə, o zaman müəyyən qüvvələrlə yanaşı Pəhləvilər də aktivləşəcək və hakimiyyəti ələ keçirmək üçün əllərindən gələni edəcəklər”.


MANŞET XƏBƏRLƏRİ