Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq


Azərbaycan vətəndaşların sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Turkustan.az xəbər verir ki, mövcud qanunvericiliyə — “Əhalinin sağlamlığının qorunması haqqında”, “Tibbi sığorta haqqında” qanunlara və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, bir sıra xəstəliklərdən əziyyət çəkən şəxslərin, eləcə də imtiyazlı təbəqənin müalicə və dərman xərcləri tamamilə dövlət tərəfindən qarşılanır.

Bu mexanizm əsasən Xüsusi Dövlət Proqramları, İcbari Tibbi Sığorta sistemi və imtiyazlı qruplar üçün nəzərdə tutulan təminat vasitəsilə həyata keçirilir.

1. Xüsusi Dövlət Proqramları üzrə xəstəliklər

Ağır və xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşların həm xəstəxana şəraitində müalicəsi, həm də ambulator şəraitdə qəbul etməli olduqları spesifik preparatlar dövlət büdcəsi hesabına ödənişsiz təmin edilir.

Bu siyahıya ilk növbədə bədxassəli şişlərdən əziyyət çəkən onkoloji xəstələrin kimyaterapiya, şüa terapiyası, cərrahi əməliyyatları və şiş əleyhinə preparatları daxildir. Eyni zamanda, I və II tip şəkərli diabet xəstələri dövlət hesabına insulin, şəkərsalıcı həblər və qlükometr test çubuqları ilə təmin olunurlar; uşaqlarda diabetin idarə olunması üçün müasir tibbi vasitələrin (sensor və insulin pompası kimi) əhatə dairəsi də genişləndirilir.

Xroniki böyrək çatışmazlığı olan şəxslərin hemodializ və peritoneal dializ seansları, eləcə də böyrək köçürülmüş xəstələrin ömürboyu qəbul etməli olduğu immunosupressiv dərmanlar da dövlət tərəfindən qarşılanır. Bundan başqa, hemofiliya və talassemiya kimi irsi qan xəstəlikləri zamanı lazım olan qan komponentləri, laxtalanma faktorları və dəmirqovucu preparatlar pulsuz verilir.

Dağınıq skleroz diaqnozu qoyulmuş şəxslərin bahalı dərman təminatı, vərəm əleyhinə müalicə və HİV/QİÇS infeksiyalı şəxslər üçün antiretrovirus terapiya da bütün mərhələlərdə ödənişsizdir. Həmçinin ağır psixi pozuntulardan (şizofreniya, epilepsiya və s.) əziyyət çəkənlərin stasionar müalicəsi və dispanserlər vasitəsilə dərman təminatı, uşaqlarda rast gəlinən mukovissidoz, fenilketonuriya kimi nadir irsi-metabolik xəstəliklərin müalicəsi və xüsusi qida və dərman təminatı dövlət proqramları çərçivəsində həyata keçirilir.

2. İcbari Tibbi Sığorta (Xidmətlər Zərfi) çərçivəsində

İcbari Tibbi Sığortanın mütəmadi yenilənən və genişləndirilən Xidmətlər Zərfinə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində (zərurət yarandıqda isə göndəriş əsasında özəl klinikalarda) minlərlə tibbi xidmət daxil edilib. Vətəndaşlar üçün təcili və təxirəsalınmaz tibbi yardım tamamilə ödənişsizdir. İlkin səhiyyə xidməti çərçivəsində ailə həkimi müayinələri, sahə terapevti və pediatr xidmətləri göstərilir.

Ambulator və stasionar müalicə zamanı ürək-damar, neyrocərrahiyyə, travmatologiya və digər cərrahi əməliyyatlar, reanimasiya xidmətləri, eləcə də stasionar yatış müddətində istifadə olunan bütün dərman və tibbi sərf materialları sığorta hesabına qarşılanır.

Bununla yanaşı, ambulator şəraitdə müalicə olunan bəzi xroniki xəstəliklər (o cümlədən arterial hipertenziya) üzrə dərman təminatının zərfə daxil edilməsi istiqamətində də mexanizmlər genişləndirilir. Hamilə qadınların müayinəsi, doğuş və zahılıq dövründə göstərilən tibbi yardımlar da bu zərfə daxildir.

3. İmtiyazlı əhali qrupları (Ambulator dərman təminatı)

Xəstəxana müalicəsindən əlavə, müəyyən imtiyazlı kateqoriyaya aid olan vətəndaşlar ev şəraitində (ambulator) müalicə üçün təyin edilən dərman preparatlarını da pulsuz əldə etmək hüququna malikdirlər. Bu hüquq şəhid ailəsi üzvlərinə, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş müharibə əlillərinə şamil olunur.

Eyni zamanda, orqanizmin funksiyalarının 81–100 faiz və 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar, Çernobıl AES-də qəzanın ləğvində iştirak etmiş və zərər çəkmiş vətəndaşlar, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar pulsuz dərman təminatından yararlana bilirlər.

Dövlət proqramları və imtiyazlar üzrə nəzərdə tutulan ödənişsiz dərman preparatlarını almaq üçün pasiyent yaşadığı ərazi üzrə poliklinikada və ya müvafiq ixtisaslaşmış dispanserdə qeydiyyata alınmalı və həkim tərəfindən elektron sistem üzərindən resept təyin edilməlidir. Pasiyent həmin resept əsasında təhkim olunduğu tibb müəssisəsindən və ya sistemə qoşulmuş müvafiq aptek şəbəkələrindən dərmanlarını ödənişsiz təhvil ala bilir. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ