Sui-qəsdin cavabsız sualları: Hücum niyə İranda həyata keçirilib?


İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyə sui-qəsd nəticəsində həyatını itirib. Bu ən səs-küylü sui-qəsddən sonra bütün gözlər İsraildən qisas almağa and içən İrana çevrildi. Digər tərəfdən, HƏMAS-ın başçısının kim olacağı da maraq doğurur... 3 namizəd var.

Turkustan.az xəbər verir ki, İsrail Livanın paytaxtı Beyrutda təşkil etdiyi hücumda Hizbullahın yüksək rütbəli komandiri Fuad Şükrü hədəf aldıqdan dərhal sonra daha çox səs-küylü sui-qəsdlə dünya gündəmini sarsıtdı. İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə sui-qəsd nəticəsində həyatını itirib. Haniyə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimi üçün Tehranda olub. Sui-qəsdi həm İran İnqilab Keşikçiləri Korpusu, həm də Həmas hərəkatı təsdiqləyib.

HƏMAS-ın verdiyi açıqlamada İsrailin yerli vaxtla saat 02:00-da Tehrandakı iqamətgahına hücumu nəticəsində Haniyənin həyatını itirdiyi bildirilib. Haniyənin qaldığı evin idarə olunan raketlə vurulduğu bildirilir. Hücumda Haniyə ilə yanaşı onun mühafizəçisi də həyatını itirib. İran dövlət televiziyası Haniyə sui-qəsdin sərhəddən həyata keçirildiyini açıqlayarkən, yarı rəsmi Təsnim Xəbər Agentliyi Haniyənin paytaxt Tehranın şimalında veteranlara məxsus şəxsi iqamətgahına hava hücumu ilə hədəf alındığını bildirib.

Haniyə sui-qəsddən əvvəl təmaslarında İranın yeni prezidenti Məsud Pezeşkiyan və İranın dini lideri Ayətullah Əli Xamneyi ilə görüşüb və Pezeşkiyanın andiçmə mərasimində görüntülənib. Haniyənin ölümü Qəzzada atəşkəs səylərinə ciddi zərbə kimi qiymətləndirilib. Haniyənin İranda öldürülməsi bu ölkəyə bir mesaj olaraq görülsə də, İranı da çətin vəziyyətə salıb. Başqa bir ölkədə Haniyəni vura biləcək İsrailin bunu İranda etməsi İsrailin gücünün nə olduğunu göstərmək baxımından əhəmiyyətli olaraq görülür. Digər tərəfdən İrandakı bu təhlükəsizlik zəifliyi bütün dünyada diqqəti çəkdi. Yeni prezidentin andından sonra baş verən sui-qəsd İranı aşağıladı. İranın Baş Prokurorluğu sui-qəsdin bütün aspektlərinin araşdırılması, mümkün səhlənkarlıq və ya səhvlərlə bağlı qanuni tədbirlər görülməsi və günahkarların həbs edilərək mühakimə olunması barədə göstəriş verib. Digər tərəfdən ekspertlər Haniyənin öldürülməsinin Qəzzada İsrailin əlini yüngülləşdirəcəyini və Qəzzaya hücumların azalacağını proqnozlaşdırır.

İsmayıl Haniyənin qətlindən sonra İranda 3 günlük, Fələstində isə 1 günlük milli matəm elan edilib. Digər tərəfdən, Haniyənin dəfn mərasiminin İranın paytaxtı Tehranda keçiriləcəyi və cümə günü Qətərin paytaxtı Dohada dəfn ediləcəyi bildirilib. Qətər Milli Məscidində baş tutacaq mərasimdən sonra Haniyənin cənazəsi Lusaildə dəfn ediləcək.

Haniyə öldürülən ilk Həmas lideri deyil. “Mühəndis” ləqəbli Yəhya Ayyaşın əlində cib telefonu partlayıb. Keçmiş siyasi lider Xalid Məşal İordaniyada Mossad agentləri tərəfindən zəhərlənib. İordaniya kralı Hüseyn və ABŞ prezidenti Klintonun səyləri ilə İsrail İordaniyaya antidot verdi və Məşal xilas oldu. Həmas dini lideri Şeyx Əhməd Yasin Qəzzada məsciddən çıxarkən helikopterdən atılan raketlə öldürülüb. Hədəf alınan digər adlar Əbdüləziz Əl Rantisi, Adnan El Gül, Nizar Rayan, Səid Seyyam və nəhayət Salih Aruri olub.

Haniyənin qətlindən sonra təşkilata rəhbərlik edəcək adla bağlı müxtəlif iddialar var. İlk ağla gələn ad HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvardır. Lakin Sinvarın İsrailin hədəfinə çevrilmədən Qəzzadan çıxması çox çətin görünür. Digər ad isə əvvəllər HƏMAS-a rəhbərlik etmiş Xalid Məşəldir. İsrail həbsxanalarındakı fələstinli məhbuslara cavabdeh olan Zahir Cebarin də liderliyə namizəddir.

HƏMAS liderini öldürən sui-qəsdlə bağlı cavab gözləyən suallar arasında bu hücumun necə həyata keçirildiyi, istifadə edilən raketin radarda necə aşkar edilmədiyi və onun üçüncü ölkədən atıldığı ehtimalı var. Bu kontekstdə ilk ağıla gələn ABŞ istehsalı olan və keçmişdə belə hücumlarda rol oynadığı bilinən “R9X Hellfire” raketidir. Raket “Ninja” raketi kimi də tanınır, çünki o, yüksək profilli hədəfləri vurmaq üçün partlayıcılar əvəzinə açılan qılınclardan istifadə edir. Atışdan sonra partlamaq əvəzinə, raket iti bıçaqları ilə hədəfini məhv edir və bu, hədəfdən kənarda mülki itkiləri minimuma endirir. Raket daha əvvəl Əl-Qaidə lideri Ayman Əl-Zəvahiri kimi şəxsiyyətlərə qarşı istifadə edilmişdi. Lakin hücumun dəqiq necə həyata keçirildiyi hələlik məlum deyil.

Cavabsız suallar

- İsrail Haniyənin iqamətgahını haradan bilirdi? Kəşfiyyat haradan gəldi?

- Hücumda hansı silahdan istifadə edilib?

- İranda təhlükəsizlik baxımından zəiflik varmı?

- Hücum niyə İranda həyata keçirilib? Mesaj var?

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ