NATO baş katibi: “Qərb Çinin davranışına dözməməlidir”


“Çin İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük silahlı münaqişəni qızışdırır”

“Çin Ukraynaya qarşı müharibədə yalnız bitərəf kimi çıxış edir, əslində isə münaqişəni qızışdırır”. Turkustan.az UNİAN-a istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtona səfəri zamanı deyib.

Amerika Prezidenti Co Baydenlə görüşdən əvvəl o, Ukraynaya silah tədarükünü artırmağa və ukraynalılara etibarlı və uzunmüddətli dəstəyin təmin edilməsinə çağırıb: "Bu, paradoksal görünə bilər, lakin sülhə gedən yol Ukrayna üçün daha çox silah verməkdən keçir".

Stoltenberq hesab edir ki, Çin sanksiyalardan yayınmaq və ticarəti davam etdirmək cəhdi ilə özünü bitərəf kimi göstərir. Onun fikrincə, Qərb buna dözməməlidir.

“Reallıq ondan ibarətdir ki, Çin İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük silahlı münaqişəni qızışdırır və eyni zamanda, Qərblə yaxşı münasibətləri saxlamaq istəyir”, - deyə baş katib vurğulayıb.

Qeyd edək ki, Pekin davamlı olaraq müharibənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və münaqişə tərəflərindən heç birinə öldürücü silah və ya avadanlıq vermədiyini bildirib. Eyni zamanda, ABŞ Çini Moskvaya döyüşməyə imkan verən yardım göstərməkdə ittiham edib.

Çin "döyüş meydanına" silah tədarükünün dayandırılmasını müdafiə edir, çünki bu, "yalnız böhranın pisləşməsi riskini artıracaq".

Bundan başqa, Pekin İsveçrədə keçirilən “Qlobal Sülh Sammiti”ndə iştirakdan imtina edib. KİV-in məlumatına görə, Çin bu görüşə dəvət olunan digər ölkələrə təsir göstərməyə çalışıb. /AYNA/


MANŞET XƏBƏRLƏRİ