Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Rusiyanın noyabr ayında ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Uşakov bu barədə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff arasında Sankt-Peterburqdakı Konstantinovski Sarayında keçirilən görüşlə bağlı açıqlamasında deyib.
Uşakov görüşün bir neçə gün əvvəl təşkil olunduğunu və Trampın kürəkəni Cared Kuşnerin səhhətindəki problemlər səbəbindən danışıqlarda onlayn iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, bu, Putinin ABŞ nümayəndələri ilə doqquzuncu görüşü olub. Təxminən üç saat davam edən görüş hərtərəfli və səmimi şəraitdə keçib.
Uşakov qeyd edib ki, görüşdən əvvəl özü və Vitkoff Osloda Ukrayna Prezidenti Vladimir Zelenski, bir sıra Avropa liderləri, NATO və Avropa Komissiyasının nümayəndələri ilə danışıqlar aparıblar.
Kremlin müşavirinin sözlərinə görə, Vitkoff Oslo danışıqlarının məzmunu barədə Putinə məlumat verib, öz şərhlərini bölüşüb və bəzi yeni yanaşmalara diqqət çəkib.
Uşakov əlavə edib ki, Vitkoff Avropa ölkələrinin və Kiyevin mövqeyində müəyyən yeni elementlər olduğunu qeyd edib. Bununla belə, onun fikrincə, həmin yanaşmalarda Ukrayna böhranının həllinə töhfə verə biləcək bir çox mühüm məqam çatışmırdı.
Aytən Yaşar/Turkustan.az