Rusiya-Ukrayna müharibəsinin başa çatması istiqamətində diplomatik təmaslar intensivləşir. Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən görüş tərəflərin mümkün razılaşma əldə edəcəyi ilə bağlı müzakirələri gücləndirib.
Danışıqlar ərəfəsində Moskva və Kiyevin ərazi güzəştləri ilə bağlı kompromisə gedə biləcəyi barədə iddialar yayılsa da, müharibənin taleyini müəyyən edəcək əsas məsələlər hələ də açıq qalır.
Bəs Əbu-Dabi görüşündən sonra hansı dəyişikliklər gözlənilir? Bu təmaslar müharibənin sona çatmasına zəmin yarada bilərmi?
Turkustan.az bu sualları politoloq Tural İsmayılova ünvanladı.

Tural İsmayılov
Bu gün Əbu-Dabidə keçirilən ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqlardan əsas gözlənti müharibənin dayandırılması istiqamətində real siyasi mexanizmlərin müəyyənləşdirilməsidir. Danışıqların nəticəsini qiymətləndirərkən ərazi məsələləri, Ukraynanın təhlükəsizlik təminatları və müharibədən sonrakı Avropa təhlükəsizlik arxitekturası arasındakı ziddiyyətləri nəzərə almaq lazımdır.
Razılaşma ehtimalı tamamilə istisna deyil, lakin qısa müddətdə hərtərəfli sülh sazişinin əldə olunmasını real hesab etmək çətindir. Çünki Moskvanın ərazi və təhlükəsizlik tələbləri ilə Kiyevin suverenlik və ərazi bütövlüyü mövqeyi arasında ciddi fərqlər qalır. Vaşinqton isə tərəfləri kompromisə gətirməyə çalışsa da, hər iki tərəfin qəbul edə biləcəyi təminat mexanizminin hazırlanması mürəkkəb məsələdir.
Bu danışıqlarda ən real nəticə ilkin razılaşmaların əldə edilməsi, humanitar məsələlərdə irəliləyiş, atəşkəs mexanizmlərinin müzakirəsi və növbəti siyasi təmaslar üçün zəmin yaradılması ola bilər. Əsas məsələ müharibəni müvəqqəti dayandırmaq deyil, yeni hərbi eskalasiyanın qarşısını alacaq davamlı siyasi və təhlükəsizlik modelini formalaşdırmaqdır.
Buna görə də görüşü yekun sülhdən daha çox, mürəkkəb diplomatik prosesin yenidən aktivləşməsi kimi qiymətləndirmək olar. Tərəflərin kompromisə hazırlığı və əldə olunacaq razılaşmaların icra mexanizmləri danışıqların gələcək taleyini müəyyən edəcək.
Aytən Yaşar/ Turkustan.az