ABŞ Rusiyadan Ukrayna üçün nə istəyib? - DETALLAR


ABŞ Şimali Atlantika Müqaviləsinin 4-cü və 5-ci maddələrində nəzərdə tutulanlara bənzər təhlükəsizlik zəmanətləri ilə Ukraynaya təminat vermək təklifi ilə Rusiyaya rəsmi olaraq müraciət edib.

Turkustan.az xəbər verir ki, bunu "Politico” ABŞ administrasiyasının iki yüksək vəzifəli məmuruna istinadən yazıb.

Qəzetin mənbələrinə görə, Vaşinqton bu cür zəmanətləri qəbul etmək məsələsini ilk dəfə Moskva ilə rəsmi olaraq qaldırmaq niyyətindədir. Məlumata görə, məsələnin Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar zamanı müzakirəsi planlaşdırılır:

"Biz ruslardan Ukraynaya NATO-nun da oxşar zəmanətlər verməsi şərti ilə 4-cü və 5-ci maddələrə bənzər təhlükəsizlik zəmanətləri vermələrini xahiş etmişik".

Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi üzv ölkələr arasında onların təhlükəsizliyinə təhdid yarandıqda məsləhətləşmələr aparmağı nəzərdə tutur, 5-ci maddə isə kollektiv müdafiə prinsipini təsbit edir ki, buna əsasən, alyansın bir üzvünə silahlı hücum hamıya hücum hesab olunur.

Lakin ABŞ və onun Avropa müttəfiqlərinin Ukraynanın NATO üzvü olmadığı halda, ona bu səviyyədə zəmanət necə verə biləcəyi hələ də məlum deyil.
Nəşrin qeyd etdiyi kimi, Moskvanın belə bir təkliflə razılaşması ehtimalı azdır, çünki bu, Qərbin Ukraynaya hərbi dəstəyinin saxlanılmasını və gücləndirilməsini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə danışıqlar 10- noyabrda Əbu-Dabidə başlayıb. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ