ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqladı


ABŞ administrasiyası İranın Mahan Air aviaşirkətinə və onun vasitəsilə İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) dəstək verdiyi iddia olunan Çin, Hindistan, Rusiya və İranda fəaliyyət göstərən beş şirkət və bir şəxsi sanksiya siyahısına daxil edib.

Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, yeni sanksiyalar Mahan Air və İran İnqilab Keşikçiləri Korpusunu dəstəklədiyi iddia olunan beynəlxalq şəbəkələri hədəf alır.

Qeyd olunub ki, sanksiyaya məruz qalan qurumlar arasında ABŞ və Avropa İttifaqının sanksiya siyahısında olan Mahan Air üçün ümumi satış agenti kimi fəaliyyət göstərən şirkətlər, eləcə də İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli olduğu iddia edilən bir saxta şirkət də var.

ABŞ Maliyyə Nazirliyi iddia edir ki, Mahan Air uzun illərdir İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə personal daşınması, hərbi təlimlərin təşkili, həmçinin İranın pilotsuz uçuş aparatları və digər silah sistemlərinin logistika və daşınma fəaliyyətinə dəstək göstərib.

Vaşinqton bu addımın İranın hərbi-logistika şəbəkələrinin maliyyə və əməliyyat imkanlarını məhdudlaşdırmağa yönəldiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ