HƏMAS-ın Qəzza zolağında atəşkəs prosesinin ikinci mərhələsinə keçidlə bağlı vasitəçilərlə prinsipial razılıq əldə etdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, məlumata görə, təşkilat silahlarını İsrailə deyil, tərəflərin razılaşacağı Fələstin komitəsinə təhvil verməyə razılıq verib.
Fələstinin "Əl-Yavm" telekanalının məlumatına əsasən, HƏMAS və vasitəçilər atəşkəsin ikinci mərhələsi üzrə razılığa gəliblər və bununla bağlı rəsmi açıqlamanın gün ərzində verilməsi gözlənilir.
Məlumata görə, 15 maddədən ibarət yol xəritəsində Fələstin qruplarına məxsus ağır silahların İsrailə təhvil verilməsi əvəzinə, Qəzza zolağında razılaşdırılmış nəzarət mexanizmi altında saxlanılması nəzərdə tutulur.
Sənəddə, həmçinin, İsrail ordusunun Qəzza zolağından tam çıxarılması, hədəfli əməliyyatlar və hava hücumlarının dayandırılması, eləcə də atəşkəsin birinci mərhələsində üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsi kimi müddəaların yer aldığı bildirilir.
Danışıqlardan məlumatlı fələstinli mənbələr "Haaretz" qəzetinə bildiriblər ki, HƏMAS prinsip etibarilə silahlarını İsrailə təhvil verməmək şərti ilə onları təhvil verməyə razıdır.
Aytən Yaşar/ Turkustan.az