ABŞ-ın İrana endirdiyi zərbələrdən sonra İranın buraxdığı raketlər səbəbindən İordaniyanın müxtəlif bölgələrində hava həyəcanı siqnalları verilib.
Turkustan.az xəbər verir ki, eyni zamanda İrandan atılan raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün Küveyt və Bəhreyndə də hava hücumundan müdafiə sistemləri işə salınıb.
İordaniyanın dövlət televiziyası Əl-Məmlaka bildirib ki, sirenlər vətəndaşları təhlükə barədə xəbərdar etmək və onları rəsmi qurumların göstərişlərinə əməl etməyə çağırmaq məqsədilə aktivləşdirilib.
İordaniyanın rəsmi xəbər agentliyi Petranın məlumatına görə, ölkə ordusu İrandan buraxılan və İordaniya ərazisinə istiqamətlənən üç raketin havada məhv edildiyini açıqlayıb.
Rəsmi məlumata əsasən, raketlərin zərərsizləşdirilməsi zamanı hər hansı insan itkisi, xəsarət və ya maddi ziyan qeydə alınmayıb.
Raketlərin ABŞ qüvvələrinin də istifadə etdiyi Müvəffək Salti Hava Bazasını hədəf alıb-almadığı barədə rəsmi məlumat verilməyib.
Bununla yanaşı, İranın dövlət xəbər agentliyi IRNA iddia edib ki, İordaniyada yerləşən və ABŞ hərbçilərinin də istifadə etdiyi Müvəffək Salti Hava Bazasına əvvəl açıqlanandan daha ciddi ziyan dəyib. Bu iddia hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Aytən Yaşar/ Turkustan.az