“Tramp yolu”: “Rusiya bundan öz məqsədləri üçün istifadə edə...”


ABŞ Dövlət Departamentinin dəstəyi ilə yaradılmış TRIPP+ (Trade Route for International Peace and Prosperity Plus) Fondunun rəhbəri vəzifəsinə Rusiya əsilli amerikalı investor Konstantin Sokolov təyin edilib.

Məlumata görə, Çikaqoda yaşayan 50 yaşlı Sokolov Rusiyada anadan olub və təhsil alıb, daha sonra ABŞ-a köçüb. O, 20 ildən artıqdır investisiya sahəsində fəaliyyət göstərir. Konstantin Sokolov Çikaqoda yerləşən “IJS Investments” investisiya şirkətinin təsisçisidir.

O, həmçinin Ermənistanın telekommunikasiya şirkəti Viva-nın səhmdarı, Northern Pillar Energy konsorsiumunun üzvü və Pelagos Data Centres şirkətinin direktorlar şurasının sədridir. ABŞ Dövlət Departamenti Sokolovun təyinatını təsdiqləyib.

Qeyd edək ki, TRIPP+ Fondu Cənubi Qafqaz və Mərkəzi Asiyada nəqliyyat, enerji infrastrukturu, rəqəmsal texnologiyalar və kritik minerallar sahələrində özəl sektor layihələrini maliyyələşdirmək məqsədilə yaradılıb.

Fond Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda kredit, qrant və investisiya alətləri vasitəsilə fəaliyyət göstərəcək.

Bəs Rusiyanın bu dəhlizdə dolayısı ilə iştirak payı var?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, TRIPP+ Fonduna rus əsilli amerikalının təyinində problem görmür.

Onun sözlərinə görə, ABŞ miqrantlar ölkəsidir, əsas məsələ vəzifənin layiqincə icrasıdır:

"ABŞ-də dünyanın müxtəlif millətlərinin nümayəndələri yaşayır. Amerika miqrantlar ölkəsi sayılır. Hətta "amerikalı milləti" anlayışı da yoxdur. Yəni yüzillər müxtəlif ölkələrdən bu dövlətə köç edən insanlar amerikalı hesab olunublar.

Hazırda keçmiş Rusiya vətəndaşının ABŞ vətəndaşı kimi TRIPP+ Fonduna rəhbər təyin olunmasında əslində böyük problem görmürəm. Əsas odur ki, o, üzərinə düşən vəzifələri yerinə yetirsin, layihələrin icrası sürətlənsin və qısa müddətdə başa çatsın".

Politoloq qeyd edib ki, keçmiş Rusiya vətəndaşının, hazırda isə ABŞ vətəndaşı olan şəxsin bu layihəyə rəhbərlik etməsi o demək deyil ki, Rusiya bundan öz məqsədləri üçün istifadə edə bilər:

“Rusiya, İranla birlikdə, bütövlükdə bu layihənin əleyhinədir. Çünki bu layihə ABŞ-nin bölgədə mövqelərinin güclənməsinə xidmət edir.

Hesab etmirəm ki, keçmiş Rusiya vətəndaşı və ya rus mənşəli ABŞ vətəndaşının bu layihəyə rəhbərlik etməsindən Rusiya öz maraqları naminə istifadə edə bilsin".


MANŞET XƏBƏRLƏRİ