ABŞ Konqresi Rusiya iqtisadiyyatını tamamilə çökdürmək və onunla ticarət edən tərəfdaşlarını cəzalandırmaq üçün görünməmiş dərəcədə sərt addım atmağa hazırlaşır.
Turkustan.az xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, ABŞ Senatında hazırlanan yeni qanun layihəsi Rusiyadan neft, qaz və digər enerji resursları alan bütün dövlətlərə çox ağır iqtisadi zərbə vuracaq. Amerikalı senatorlar bu təşəbbüsün birbaşa Ağ Ev administrasiyası ilə razılaşdırıldığını və sənədin Prezident Donald Trampa Moskvaya təzyiq göstərmək üçün tamamilə "yeni rıçaqlar və alətlər" qazandıracağını xüsusi vurğulayıblar.
Yeni qanun layihəsinin ən şok və dağıdıcı bəndi isə tətbiq ediləcək maliyyə sanksiyaları ilə bağlıdır. Sənəddə Rusiyadan edilən birbaşa idxala, eləcə də Rusiya mənşəli uran, xam neft və neft məhsullarını satın alan üçüncü ölkələrə qarşı azı 500 faiz həcmində rüsumların (gömrük vergilərinin) tətbiq edilməsi nəzərdə tutulub. Ekspertlər xəbərdarlıq edirlər ki, bu layihə qanuniləşəcəyi təqdirdə, ABŞ-ın sanksiya təhdidlərinə rəğmən Moskva ilə enerji sahəsində əməkdaşlığı davam etdirən ölkələr qlobal ticarət bazarında çox böyük maliyyə itkiləri ilə üz-üzə qalacaqlar./Musavat.com