Türkiyə ilə Fransa arasındakı münasibətlər 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvə Görüşü ərəfəsində yenidən diqqət mərkəzinə gəlib.
Turkustan.az xəbər verir ki, uzun illər Suriya, Şərqi Aralıq dənizi və Ermənistan kimi məsələlərdə fikir ayrılığı yaşayan iki ölkə arasında müdafiə sənayesi və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq imkanlarının yarandığı bildirilir.
"Middle East Eye" nəşrinin yaydığı məlumata görə, Ankara və Paris son aylarda daha konstruktiv dialoq qurmağa çalışır. Xəbərdə qeyd olunur ki, tərəflər qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələlərində əməkdaşlığın genişləndirilməsi istiqamətində təmaslarını intensivləşdiriblər.
Nəşr həmçinin ABŞ prezidenti Donald Trampın ötən ilin oktyabrında Qahirədə keçirdiyi mətbuat konfransına diqqət çəkir. İddiaya əsasən, Fransa prezidenti Emmanuel Makron həmin tədbirdə Trampın yaxınlığında deyil, Prezident Rəcəb Tayyib Ərdoğanın yanında əyləşməyə üstünlük verib. Bu detal Ankara ilə Paris arasında münasibətlərdə yeni mərhələnin mümkün siqnalı kimi qiymətləndirilir.
Xəbərdə istinad edilən Qərb mənbəsinin sözlərinə görə, Fransa Türkiyəni Avropanın gələcək təhlükəsizlik arxitekturasında mühüm tərəfdaş hesab edir. Mənbə bildirir ki, Fransanın təşəbbüsü ilə formalaşdırılan və Avropa təhlükəsizliyinin gücləndirilməsini hədəfləyən "Könüllülər Koalisiyası" çərçivəsində Türkiyə ilə əməkdaşlığın qarşıdakı dövrdə daha da ön plana çıxacağı gözlənilir.
Aytən Yaşar/ Turkustan.az