İtaliyanın cənubunda yerləşən aktiv Etna vulkanı yenidən güclü kül püskürməsi ilə aktivləşib.
Turkustan.az xəbər verir ki, iyunun 26-da Vorajin kraterində yaranan çatdan sonra başlayan vulkanik proses bu gün də davam edib.
Yerli mənbələrin məlumatına görə, səhər saatlarında baş verən partlayışdan sonra Vorajin kraterindən böyük həcmdə kül atmosferə yayılıb.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Etna Rəsədxanasının açıqlamasında bildirilib ki, kül püskürməsi saat 07:45-də başlayıb və təxminən saat 08:45-də daha da intensivləşib.
Meteoroloji proqnozlara əsasən, təxminən 1,5 kilometr yüksəklikdə formalaşan kül buludunun yaxın saatlarda cənuba doğru hərəkət edəcəyi gözlənilir.
Vulkanik aktivlik bölgədə mülki aviasiyaya da təsir göstərib. Kataniya Beynəlxalq Vincenzo Bellini (Fontanarossa) Hava Limanını idarə edən SAC şirkəti Etna dağındakı fəaliyyət səbəbindən Kataniyaya gələn uçuşların müvəqqəti dayandırıldığını, hava limanından isə yalnız məhdud sayda reysin həyata keçirildiyini açıqlayıb.
Şirkət sərnişinlərə hava limanına yollanmadan əvvəl uçuşlarının vəziyyətini aviaşirkətləri ilə dəqiqləşdirməyi tövsiyə edib.
Dəniz səviyyəsindən təxminən 3300 metr yüksəklikdə yerləşən Etna kontinental Avropanın ən hündür aktiv vulkanı hesab olunur.

Aytən Yaşar/ Turkustan.az