Suriya Prezidenti Əhməd Şara Xalq Məclisinin üçdə birini təşkil edən 70 üzvü təyin edib.
Turkustan.az xəbər verir ki, bu barədə Xalq Məclisinin Ali Seçki Komitəsinin sədri Məhəmməd Taha əl-Əhməd keçirdiyi mətbuat konfransında Prezident Şaranın 143 nömrəli fərmanını oxuyarkən məlumat verib.
Onun sözlərinə görə, Ali Seçki Komitəsinin daha əvvəl açıqladığı üzvlərə əlavə olaraq, Prezidentin kvotası əsasında təyin edilən 70 nəfərin siyahısı da elan olunub. Əl-Əhməd bildirib ki, bu təyinatların məqsədi təcrübə və bilik sahibi olan şəxsləri bir araya gətirmək, eyni zamanda Xalq Məclisində Suriya cəmiyyətinin müxtəlif təbəqələrinin təmsilçiliyini təmin etməkdir.
Komitə sədri həmçinin vurğulayıb ki, təyin olunan üzvlər arasında qadınların sayı artırılıb. Onun sözlərinə görə, bu addım ölkənin transformasiya prosesində qadınların rolunun və töhfəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Aytən Yaşar/ Turkustan.az