2022-ci ildə başlayan Ukrayna müharibəsi dördüncü ilinə daxil olarkən, Rusiya ordusunun cəbhə xəttində itkiləri ilə bağlı diqqətçəkən iddialar gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, Rusiya hərbi bloqçularına istinadən yayılan məlumatlara görə, yeni əsgərlərin döyüş bölgəsində orta sağ qalma müddəti 20–35 dəqiqə arasında dəyişir.
Oksford Universitetinin Qlobal Tarix professoru Peter Frankopanın Foreign Policy jurnalında dərc olunan məqaləsində də bu bloqçuların qiymətləndirmələrinə yer verilib. Bildirilir ki, bəzi hallarda əsgərin müqavilə imzaladığı andan ölümünə qədər keçən müddət orta hesabla 10 gün ilə 3 həftə arasında dəyişir. Bu müddət təlim düşərgəsinə göndərilmədən cəbhədə həlak olana qədər olan dövrü əhatə edir.
Hesabatda həmçinin dron texnologiyalarının müharibənin gedişinə ciddi təsir göstərdiyi qeyd olunur. Ukraynanın geniş dron istifadəsinin Rusiya ordusundakı itkiləri artırdığı iddia edilir. Eyni zamanda, Ukraynanın Rusiya ərazisindəki hədəflərə hücumlarını intensivləşdirdiyi, iyun ayında Moskva yaxınlığındakı ən böyük neft emalı zavoduna edilən zərbənin isə müəssisəni uzun müddət fəaliyyətsiz vəziyyətə saldığı bildirilir.
Hesabatda bildirilir ki, Rusiya 2025-ci ilin sonuna qədər bir illik müqavilə ilə 420.000-dən çox əsgər cəlb edəcəyini açıqlasa da, bu rəqəm əvvəlki ilə nisbətən təxminən 30 faiz azdır. Lakin Rusiya hərbi bloqçularının məlumatına görə, ölkə hələ də gündə 800-1000 könüllü əsgər cəlb edir.
Aytən Yaşar/ Turkustan.az