İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin İtaliyada aparılan istintaq çərçivəsində araşdırılan şəxslər sırasına daxil edildiyi bildirilir.
Turkustan.az xəbər verir ki, söhbət İsrail ordusunun Aralıq dənizinin beynəlxalq sularında Qlobal Sumud Donanmasının 2026-cı il Yaz Missiyasına qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı Roma Dövlət Prokurorluğunun apardığı istintaqdan gedir.
İstintaq aprelin 29-da və mayın 18-19-da baş vermiş iki ayrı insident üzrə aparılır. İş materiallarında işgəncə, adam oğurluğu və qanunsuz həbs kimi ittihamlar yer alır.
İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, Ben-Qvirin adı ötən may ayında Aşdod limanında çəkilmiş videodan sonra istintaq sənədlərinə əlavə edilib. Həmin görüntülərdə nazirin əlləri arxadan bağlanmış vəziyyətdə diz çökdürülən fəallara qarşı istehzalı davranış sərgilədiyi iddia olunur.
Qlobal Sumud Donanmasının İtaliya üzrə sözçüsü Maria Elena Delia məsələ ilə bağlı açıqlamasında Ben-Qvirin istintaqa cəlb edilməsini müsbət qiymətləndirib. O bildirib ki, videoda əks olunan davranış və fəallara münasibətlə bağlı araşdırmanın aparılması əsaslıdır.
Delianın sözlərinə görə, Ben-Qvir İsrail Baş naziri Benyamin Netanyahunun hökumətində yüksək vəzifə tutur və hökumətin fəaliyyət göstərdiyi siyasi sistemin ayrılmaz hissəsidir.
Aytən Yaşar/ Turkustan.az