Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri görünməmiş təhlükəsizlik tədbirləri altında baş tutub. Belə ki, korteji pulemyotçu yerləşdirilmiş zirehli avtomobil və radioelektron mübarizə (REB) maşını müşayiət edib. Havadan isə helikopter mühafizəsi təmin olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Putinin limuzinini ümumilikdə 14 motosiklet və təxminən iyirmiyə yaxın avtomobil müşayiət edib.
Astanadan yayılan kadrlarda isə kortejin hərəkət etdiyi yollar boyunca kamuflyaj geyimli, avtomat silahlı hərbçilərin yerləşdirildiyi, bəzi ərazilərdə isə girişlərin zirehli texnika ilə bağlandığı görünür.
Ekspertlər qeyd edirlər ki, dövlət başçılarının xarici səfərləri zamanı bu səviyyədə təhlükəsizlik tədbirləri indiyədək demək olar ki, müşahidə olunmayıb.