Yunanıstan məhkəməsi iki türkiyəli diplomatı qətlə yetirən və daha bir türkiyəli diplomata qarşı sui-qəsdə cəhd edən “17 Noyabr” terror təşkilatının lideri Aleksandros Qiotopulosun azadlığa buraxılması barədə qərar verib.
Turkustan.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
ABŞ-nin Afinadakı səfirliyinə qarşı hücumlarda, eləcə də aralarında amerikalı və britaniyalı diplomatların da olduğu çoxsaylı şəxslərin ölümündə təqsirləndirilən Qiotopulosla bağlı bu qərar ölkədə böyük müzakirələrə səbəb olub.
Məlumata görə, 28 il ərzində müxtəlif hücumlar həyata keçirən təşkilat lideri 17 dəfə ömürlük həbs cəzasına məhkum edilib və 24 ildir həbsxanada saxlanılırdı. Onun azadlığa buraxılması qərarı ilə bağlı ölkənin Ali Məhkəməsinə etiraz ünvanlanıb. Məhkəmənin yaxın günlərdə yekun qərarını verəcəyi gözlənilir.
Türkiyənin Xarici İşlər Nazirliyi isə öz növbəsində A.Qiotopulosun azadlığa buraxılma qərarı ilə bağlı açıqlama yayaraq bunun qəbuledilməz olduğunu bildirib.
Açıqlamada həmçinin Yunanıstana terrorla mübarizəyə zərbə vuracaq addımlardan çəkinməklə bağlı çağırış edilib.
Qeyd edək ki, “17 Noyabr” terror təşkilatı 1991-ci ildə Türkiyənin Afinadakı səfirliyinin mətbuat attaşesi Çetin Görgünü, 1994-cü ildə isə Türkiyənin Afinadakı səfirliyinin müşaviri Ömər Haluk Sipahioğlunu qətlə yetirib. Türkiyənin Afinadakı səfirliyinin müvəqqəti işlər vəkili Deniz Bölükbaşı isə 1991-ci ildə həyata keçirilən hücumdan yaralı halda xilas olmuşdu./“Qafqazinfo”