İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayil Bekayi Tehran və Vaşinqton arasındakı danışıqlarla bağlı açıqlama verərək bildirib ki, tərəflər media vasitəsilə danışıqlar aparmır və proses Pakistanın vasitəçiliyi ilə davam edir.
Turkustan.az xəbər verir ki, Tehranda keçirilən həftəlik mətbuat konfransında çıxış edən Bekayi qeyd edib ki, “digər tərəfdən təqdim olunan təkliflər araşdırılıb və əks arqumentlərimiz ABŞ tərəfinə çatdırılıb”.
O bildirib ki, hazırda nüvə məsələləri ilə bağlı detallı müzakirələr aparılmır və əsas diqqət gərginliyin azaldılması və müharibənin dayandırılmasına yönəlib.
Bekayi həmçinin ABŞ və Benjamin Netanyahu administrasiyalarının regiondakı mövcudluğunun təhlükəsizlik təmin etmədiyini vurğulayıb. O, İsrail rəsmilərinin Birləşmiş Ərəb Əmirliklərinə səfərlərinin Tehranın diqqətində olduğunu və bu barədə məlumatlı olduqlarını bildirib.
Sözçü əlavə edib ki, İranın region ölkələri ilə düşmənçiliyi yoxdur, lakin xüsusilə BƏƏ kimi ölkələrin son hadisələrdən nəticə çıxarmalı olduğunu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az