İran Qızıl Aypara Cəmiyyəti-nin baş katibi Meysəm Əfsər ABŞ və İsrailin İrana hücumları zamanı 18 ölkədən humanitar yardım aldıqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Qızıl Aypara Həftəsi münasibətilə Tehrandakı təşkilatın qərargahında keçirilən mətbuat konfransında Əfsər qurumun müharibə dövründə gördüyü işlər barədə məlumat verib. Onun sözlərinə görə, bu müddətdə 110 min Qızıl Aypara əməkdaşı və könüllüsü fəaliyyət göstərib.
Əfsər bildirib ki, müharibə zamanı təxminən 7 milyon müraciət daxil olub və xilasedici qruplar hücumlardan təsirlənən ərazilərə 4 dəqiqədən az müddətdə çatmağı bacarıb.
O qeyd edib ki, ümumilikdə 10 mindən çox əməliyyat həyata keçirilib, 2500-dən artıq təcili yardım maşını cəlb olunub. Xilasetmə tədbirləri nəticəsində 7 215-dən çox insan sağ çıxarılıb, axtarış-xilasetmə itləri isə 1 711 əməliyyatda iştirak edib.
Ən intensiv fəaliyyətlərin Tehran, Hörmüzqan və Buşəhr bölgələrində aparıldığını vurğulayan Əfsər əlavə edib ki, hücumlar nəticəsində 123 647 yaşayış evi daxil olmaqla ümumilikdə 149 528 mülki obyekt zərər görüb.
Bundan başqa, 32 universitet, 993 təhsil müəssisəsi, 56 Qızıl Aypara mərkəzi və 350 səhiyyə obyektinin də hücumlardan ciddi şəkildə təsirləndiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az