407 nəfərin təqsirləndirilən şəxs qismində mühakimə olunduğu “İmamoğlu mütəşəkkil cinayətkar dəstəsi” işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Turkustan.az xəbər verir ki, ittihamçı hazırda həbsdə olan 107 nəfərdən 7-sinin azadlığa buraxılmasını, qalan 100 nəfərin isə həbsdə saxlanılmasının davam etdirilməsini tələb edib. Bildirilib ki, iş üzrə ümumilikdə 407 nəfər təqsirləndirilir, onlardan 5-i isə iddiaçı/cavabdeh qismində çıxış edir.
Dinləmə zamanı Əkrəm İmamoğlu ilə bağlı bir qeyd də diqqət çəkib. Qeyddə “Cənab Prezident, dinləmədən sonra dövlət məmurunu vəzifəsini yerinə yetirərkən təhqir etmək və hədələmək cinayətləri ilə bağlı yeni istintaq başlandı” ifadələrinin yer aldığı bildirilib.
Eyni zamanda, İmamoğlunun “Allah qoysa, bu ölkənin tezliklə qadın prezidenti olacaq” sözləri sosial mediada müxtəlif cür şərh olunub.
İşə baxan İstanbul 40-cı Ağır Cinayət Məhkəməsinin hakimi Selçuk Aylan iclasdan sonra vəkillər tərəfindən ona təqdim edilən qeydlə bağlı açıqlama verib. O bildirib ki, qeyd “Cənab Prezident” ifadəsi ilə başladığı üçün ona təqdim olunub.
Hakim daha əvvəl də bu cür hallarla bağlı xəbərdarlıq etdiklərini xatırladaraq qeyd edib ki, məhkəmə zalında təqsirləndirilən şəxslərlə bu cür qeyri-rəsmi yazışmaların aparılması yolverilməzdir. Onun sözlərinə görə, qeyddə “prezidentliyə namizədlik” və “Xanım Dilek” kimi ifadələr yer aldığından, bunun İmamoğlu ilə bağlı olduğu ehtimal edilir.
Hakim əlavə edib ki, bu cür yazışmalar məhkəmənin nəzarəti altında olmalıdır və belə hallar təkrarlanmamalıdır.
Bunun ardından İmamoğlu qeydi götürə biləcəyini bildirib. Hakim isə sənəddə cinayət tərkibi olmadığını deyərək qeyd edib ki, sahibini müəyyən etmək mümkün olmadığından qeyd hələlik məhkəmədə saxlanılacaq. O, tərəfləri daha diqqətli olmağa çağırıb.
Aytən Yaşar/ Turkustan.az